Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Türk Xalqlarının Musiqi Festivalında iştirak edib.
Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Astanada keçirilən Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın (İCTM) 43-cü ümumdünya konfransı çərçivəsində TÜRKSOY tərəfindən Türk Xalqlarının Musiqi Festivalı təşkil olunub.
Festivalda iştirak edən musiqiçilər orta əsrlərdən etibarən formalaşan zəngin türk musiqi mədəniyyəti nümunələrini, rəqsləri, muğamları, vokal-instrumental ansambl ifaçılığını təqdim ediblər.
Türk xalqlarının musiqi mədəniyyətinə, onların qarşılıqlı mübadilə yolu ilə inkişafına həsr edilmiş tədbirdə 70-ə yaxın ölkədən 800 aparıcı ekspert, türkdilli ölkələrin mədəniyyət və incəsənət xadimləri və xarici ölkələrin nümayəndələri iştirak ediblər.
Festivalda Azərbaycandan "Aypara" muğam üçlüyünün - ikinci respublika muğam müsabiqəsinin qalibi Aytən Məhərrəmova, tarzən Ədalət Behbudov və kamança ifaçısı Pərviz Fərhadov iştirak edıb.