...

"Sonsuz dəhliz" filmi nüfuzlu Milan festivalının mükafatına layiq görüldü

Mədəniyyət Materials 10 Noyabr 2015 18:56 (UTC +04:00)
Müstəqil litvalı rejissor Aleksandras Brokasın rejissoru olduğu “Endless Corridor” (Sonsuz dəhliz) sənədli filmi ötən həftə 2015-ci il Milan Beynəlxalq Film Festivalında “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyasında mükafata layiq görülüb.
"Sonsuz dəhliz" filmi nüfuzlu Milan festivalının mükafatına layiq görüldü

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Müstəqil litvalı rejissor Aleksandras Brokasın rejissoru olduğu "Endless Corridor" (Sonsuz dəhliz) sənədli filmi ötən həftə 2015-ci il Milan Beynəlxalq Film Festivalında "Ən yaxşı montaj olunmuş sənədli film" nominasiyasında mükafata layiq görülüb.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, Milan festivalında dünyanın müxtəlif ölkələrindən olan peşəkar kinematoqrafçılar bir araya gəliblər. Film yaradıcılarının fikrincə, "Sonsuz dəhliz" filminin Milan festivalının mükafatına layiq görülməsi Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün yaxşı imkandır.

Xatırladaq ki, film rəsmi olaraq "Milan IFF 2015" kinofestivalında müsabiqədə iştirak etmək üçün bu ilin iyul ayında seçilmişdi.

"Sonsuz dəhliz" filmi "Milan IFF 2015" festivalında aşağıdakı nominasiyalarda iştirak edib: "Ən yaxşı qısametrajlı sənədli film", "Sənədli filmdə ən yaxşı kinematoqrafiya" və "Ən yaxşı montaj olunmuş sənədli film".

Xatırladaq ki, Xocalı faciəsi haqqında bəhs edən "Sonsuz dəhliz" filmi bu il ərzində müxtəlif beynəlxalq kinofestivalların diqqət mərkəzində olub. ABŞ-da keçirilən "Accolade Qlobal Film Competition" müsabiqəsində "Best of Show" mükafatını aldıqdan sonra bu film daha iki nüfuzlu mükafata layiq görülüb.

Belə ki, iyulun 10-da Madrid Tenerife Beynəlxalq Film Festivalları "Sonsuz dəhliz" filmini "Ən yaxşı sənədli film" və A.Brokası "Ən yaxşı sənədli film rejissoru" nominasiyası üzrə qalib elan edib.

Filmin beynəlxalq uğuruna sevinən A.Brokas bu münasibətlə deyib: "Bu mükafatları almaq mənim üçün böyük şərəfdir. Bu dəfə isə münsiflər heyətinin diqqəti "Sonsuz dəhliz" filminin müstəsna yaradıcı və texniki keyfiyyətində cəmlənmişdi. Mənimlə birgə çalışan yaradıcı komandaya və faciəvi hekayələrini mənimlə bölüşən Xocalı sakinlərinə təşəkkürümü bildirirəm. "Sonsuz dəhliz" filminə bu cür böyük beynəlxalq diqqətin olması onu göstərir ki, filmdə nəql edilən hekayələr heç bir insanı biganə qoya bilməz. Tarixin ağrılı dərsləri nəhayət, öyrənilməli, ondan ibrət dərsi götürülməli və Xocalı faciəsi heç vaxt təkrarlanmamalıdır".

"Sonsuz dəhliz" filminin "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində bu ilin fevral ayında İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern, Lüksemburq kimi şəhərlərdə təqdimatı keçirilib. İngilis dilində çəkilən film Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan, türk, fransız, italyan və alman dillərinə subtitrlərlə tərcümə edilib, rus dilində isə dublyaj olunub.

Filmin nümayişi, həmçinin "Xocalıya ədalət!" təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin "Kanal 24", "CNN Türk", Albaniya Milli Televiziyasında və İsrailin"Channel 1" televiziya kanallarında baş tutub.

Xatırladaq ki, filmin premyerası ötən il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) keçirilmişdi. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak etmişdi. "Sonsuz dəhliz" sənədli filmi prodüserlər A.Brokas (Litva) və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub, Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı soyqırımına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti