...

Tahir Salahovun əsərləri Tretyakov Qalereyasında sərgilənəcək (FOTO)

Mədəniyyət Materials 8 Yanvar 2016 17:23 (UTC +04:00)

Bakı. Trend:

Moskvadakı Dövlət Tretyakov Qalereyasında ilk dəfə dünya şöhrətli fırça ustası, Azərbaycanın, Rusiyanın və SSRİ-nin xalq rəssamı, dövlət mükafatları laureatı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun əsərləri sərgilənəcək. Bu barədə Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir.

Qalereyanın saytında yer alan məlumata görə, "Günəş zenitdə" adlı sərgi yanvarın 22-də açılacaq. Qalereyanın 160 illiyinə həsr olunmuş sərgi martın 20-dək davam edəcək.

Sərgidə təsviri sənətdə "sərt üslub"un aparıcı nümayəndəsi olan rəssamın Dövlət Tretyakov Qalereyası, Dövlət Rus Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, eləcə də özünün Bakıdakı ev-muzeyinin ekspozisiyasından və şəxsi kolleksiyalardan əsərləri nümayiş etdiriləcək.

Rəssamın Tretyakov qalereyasında yer alan "Aydan" (1967), "Qırmızı istiotlarla natürmort" (1977), "Xəzərdə səhər" (1986) və s. əsərləri sərgiyə çıxarılacaq.

Qeyd edək ki, məşhur sənətkarın "Aydan" əsəri sovet dövrü təsviri sənətinin ən yaxşı nümunələrindən hesab olunur. Əsərin bir variantı (rəssam onu vaxtilə Tokioda açdığı sərgisi münasibətilə çəkib) ötən ilin dekabrında Londonun "Sotheby's" auksionunda hərraca çıxarılmışdı.

Görkəmli fırça ustasının əl işləri hər il müxtəlif ölkələrdə sərgilənir. Ötən ilin oktyabrında rəssamın əsərləri Portuqaliyanın Lissabon şəhərində keçirilən "Ənənə və müasirlik" beynəlxalq incəsənət festivalında nümayiş olunmuşdu. Festivalda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə T.Salahovun əsərlərindən ibarət Azərbaycan ekspozisiyası təşkil olunmuşdu. Festivala 30-dan çox ölkədən rəssamlar qatılmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti