...

Azərbaycanın kurort mərkəzi Avropanın Tarixi Termal Şəhərləri Assosiasiyasına üzv seçilib

Mədəniyyət Materials 3 Mart 2016 17:11 (UTC +04:00)
“Qalaaltı” kurort mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Avropanın Tarixi Termal Şəhərləri Assosiasiyasına (ATTŞA) üzv seçilib.
Azərbaycanın kurort mərkəzi Avropanın Tarixi Termal Şəhərləri Assosiasiyasına üzv seçilib

Bakı. İlhamə İsabalayeva - Trend:

"Qalaaltı" kurort mərkəzi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Avropanın Tarixi Termal Şəhərləri Assosiasiyasına (ATTŞA) üzv seçilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, bu ilin aprel ayında Çexiyanın Karlova Varı şəhərində keçiriləcək toplantıda üzvlük rəsmi şəkildə kurort rəhbərliyinə təqdim ediləcək. Həmin təqdimatda isə "Qalalatı" kurortunun nümayəndəsinin iştirakı da nəzərdə tutulub: "Eyni istiqamətdə 6 marşrut üzrə layihə təqdim edilib. Sevindirici məqamdır ki, ötən ilin iyun ayında ATTŞA-nın nümayəndələri Azərbaycana səfər etdi və "Qalaaltı" kurortunu üzvlüyə layiq bildilər. Burada strateji əhəmiyyət də mühüm önəm kəsb edir".

Görüşdə iştirak edən nazirliyin aparıcı məsləhətçisi Günel Aslanova bildirib ki, ötən ilin iyul ayında Bursa şəhərinin vitse-qubernatoru Ahmet Hikmet Şahin və ATTŞA-nın layihə eksperti Tomas Pinet "Qalaaltı"da səfərdə olub. Bu layihəyə 14 ölkə üzvdür, layihənin reallaşması gələcəkdə regionun Avropada tanıdılması və turistlərin cəlb olunması üçün unikal addımdır.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin (ASTTD) sədri Ruslan Quliyev sağlamlıq turizminin istiqamət kimi qəbul olunmasından məmnunluğunu ifadə edib. O, əlavə edib ki, sağlamlıq turizmi ilə bağlı Azərbaycanın ənənələri mövcuddur və bu ənənələri yeni innovativ sistemləri təqdim etməklə daha da geniş coğrafiyada tanıtmaq mümkündür: "Mövcud olan bazanın təqdim edilməsi bizim əsas prioritet istiqamətimizdir. ASTTD-nin yaradılması da ölkənin bu sahədə potensialını daha geniş şəkildə tanıtmaqdır".

R.Quliyev deyib ki, layihənin davamlı olması üçün bütün səmərəli təkliflərdən istifadə etmək lazımdır. Ölkədə fəaliyyət göstərən sağlamlıq mərkəzlərindən məhz "Qalaaltı"nın Avropanın termal şəhərlər xəritəsinə düşməsi turism axınına da müsbət təsir göstərəcək.

"Qalaaltı" sağlamlıq və istirahət mərkəzinin baş həkimi Vahid Vəliyev bildirib ki, mərkəz gün ərzində 800-dən artıq qonağı qəbul etməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti