...

Azərbaycan rəqsləri Cənubi Afrikanı fəth edib (FOTO)

Mədəniyyət Materials 15 Mart 2016 18:22 (UTC +04:00)
Cari ilin 9-13 mart tarixlərində Cənubi Afrikanın paytaxtı Pretoriya şəhərində Dünya Rəqs Çempionatının Cənubi Afrika üzrə növbəti seçmə mərhələsi keçirilib.
Azərbaycan rəqsləri Cənubi Afrikanı fəth edib (FOTO)

Bakı. Trend:

Cari ilin 9-13 mart tarixlərində Cənubi Afrikanın paytaxtı Pretoriya şəhərində Dünya Rəqs Çempionatının Cənubi Afrika üzrə növbəti seçmə mərhələsi keçirilib. Müxtəlif nominasiyalarda keçirilən çempionatda Azərbaycanın CAR-dakı səfirliyi nəzdində fəaliyyət göstərən "Yurd" rəqs ansamblının üzvləri dörd Azərbaycan rəqsi ilə iştirak edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, dünya şöhrətli Azərbaycan bəstəkarları Qara Qarayev və Arif Məlikovun müvafiq olaraq "Yeddi Gözəl" və "Məhəbbət əfsanəsi" baletlərindən parçalar, "Lalələr" və "Nəlbəki" rəqsləri tamaşaçılara təqdim edilib.

Yüksək peşəkarlıqla ifa edilən Azərbaycan rəqsləri tamaşaçılar və hakimlər tərəfindən maraqla izlənilərək yüksək qiymətləndirilib. "Yeddi Gözəl" baleti əsasında qurulmuş rəqs "Ən yaxşı rəqs" nominasiyasında qalib olub. Həmçinin "Lalələr" və "Nəlbəki" rəqsləri ən yüksək pilləyə layiq görülüb və bu ilin 27 iyun - 4 iyul tarixlərində Böyük Britaniyanın və Şimali İrlandiya Birləşmiş Krallığının asılı ərazisi olan ("Crown dependency") Cersidə keçiriləcək Dünya Rəqs Çempionatının son mərhələsində iştirak hüququ əldə edib.

Qeyd edək ki, 2004-cü ildən dünyanın 30-a yaxın ölkəsinin iştirakı ilə uşaq, yeniyetmə və gənclər arasında keçirilən bu çempionat Cənubi Afrikada dördüncü dəfədir keçirilir və çempionatda artıq ikinci dəfədir ki, Azərbaycan rəqsləri uğurla təqdim olunaraq final mərhələsinə vəsiqə qazanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti