...

Vaqif Sultanlının "Səhra savaşı" təqdim olundu

Mədəniyyət Materials 20 Aprel 2016 17:59 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının “Səhra savaşı” kitabının təqdimatı keçirilib.
Vaqif Sultanlının "Səhra savaşı" təqdim olundu

Bakı. Trend:

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının "Səhra savaşı" kitabının təqdimatı keçirilib. Bu barədə Trend-ə AYB-dən məlumat verilib.

Vaqif Sultanlı Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru, bir çox bədii və elmi əsərlərin müəllifidir. O, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfrans, simpozium və forumların iştirakçısı olmuş, Azərbaycan ədəbiyyatı və mədəniyyətini layiqincə təbliğ etmişdir. Müxtəlif dövrlərdə Vaqif Sultanlının redaktorluğu ilə "Xudafərin" (Polşa), "Araz" (İsveç), "Dünya azərbaycanlıları" (ABŞ) dərgiləri, "Filoloji araşdırmalar" (Azərbaycan) toplusu nəşr olunmuşdur.

Onun tərtibatında "Müasir Azərbaycan nəsri" (Modern Azerbaijanian Prose, Bloomington, 2012) və "Müasir Azərbaycan qadın nəsri" (Modern Azerbaijani Women's prose, Bloomington, 2014) antologiyaları ABŞ-da nəşr olunmuşdur.

Yazıçının hekayə, povest və romanları Türkiyə, Amerika, İngiltərə, Almaniya, Danimarka, Cənubi Koreya, Rusiya, Ukrayna, Misir, İran və başqa ölkələrdə müxtəlif redaktələrdə nəşr olunmuş, haqqında çoxsaylı tədqiqatlar yazılmışdır.

Vaqif Sultanlı mühacirət ədəbiyyatı ilə bağlı araşdırmaları "Ağır yolun yolçusu", "Azərbaycan mühacirət ədəbiyyatı", "İstiqlal sevgisi" və başqa monoqrafiyalarda əksini tapmışdır.

Təqdimatı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şəbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, pro-fessor Cavanşir Yusifli açaraq Vaqif Sultanlının yaradıcılığı və müzakirəyə təqdim olunan "Səhra savaşı" romanı haqqında geniş məlumat verib. O, "Səhra metaforası" adlı ön söz yazdığı əsərin ənənəvi romanlardan fərqləndiyini, mürəkkəb struktura, özünəməxsus təhkiyə tərzinə malik olduğunu qeyd edib.

Təqdimat mərasimində həmçinin türkoloq alim, AYB-nin Moskva bölməsinin rəhbəri, professor Tofiq Məlikli, şair Paşa Qəlbinur, BDU-nun professorları İfrat

Əliyeva, Qulu Məhərrəmli, Misir Mədəniyyət Mərkəzinin direktoru, azərbaycanşünas alim Əhməd Sami, yazıçı Seyran Səxavət, tənqidçi İradə Musayeva, fəlsəfə doktoru Fərhad Mədətli, folklorşünas alim Əli Şamil, fəlsəfə doktoru Namiq Murad, şair Oqtay Rza, Azərbaycan Dillər Universitetinin tələbəsi İradə Camalova və başqaları çıxış etmişlər.

Tədbirin sonunda Vaqif Sultanlı çıxış edərək müzakirə olunan romanın ideya-estetik yükü, problemləri, əsər üzərində işləyərkən qarşılaşdığı çətinliklər, kitabın başqa dillərə tərcüməsi barədə ətraflı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti