Bakı. Trend:
Azərbaycan Dövlət Musiqili Teatrının aktyorları yeni tammetrajlı bədii filmə çəkiliblər. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Trend-ə bildirib ki, film “11 B - bilik günü” adlanır. Filmdə teatrın iki aktyoru – Məhərrəm Qurbanov və Əliməmməd Novruzov rol alıblar. Komediya janrında çəkilən “11 B - bilik günü” yeni ekran işində Məhərrəm Qurbanov “proletarın dahi rəhbəri” Lenin, Əliməmməd Novruzov isə məktəb direktoru obrazını canlandırıb. “11 B - bilik günü” komediyasında sevgi, məhəbbət, romantika, mistika, orta məktəb illəri ilə bağlı ən ağlagəlməz situasiyalar, bir-birindən maraqlı, qəh-qəhə dolu hadisələr əks olunub.
Qeyd edək ki, “11 B - bilik günü” filminin ssenari müəllifi və quruluşçu-rejissoru Elnur Axundov, quruluşçu-rəssamı Ruhiyyə Məmmədova, operatorları Rəşid Əlyarov, Yusif Cəfərov, bəstəkarı Xəyal Xəzridir. Filmdə Məhərrəm Qurbanov və Əliməmməd Novruzovla yanaşı, Gəncə Dövlət Dram Teatrının tanınımış simaları - Xalq artistləri Alim Məmmədov, Məmmədəli Balayev, aktyorlar Kəmalə Məmmədova, Sevinc Hüseynova, Elnur Mehmanlı, Gəncə məktəblərinin şagirdləri Murad Meyfalıyev, Şəbnur Allahverdili, Hüseyn Cəfərov, Əfsanə Abbasova və başqaları çəkiliblər.