Bakı. Trend:
Paytaxtımızda çoxdandır gözlənilən "Most Fashionable Awards" 2017 beynəlxalq mükafatlandırma mərasiminin möhtəşəm açılışı fevralın 27-də "Passage 1901"də keçirilib.
Hər kəsin diqqətini cəlb edən və rəğbətini qazanan müsabiqə artıq ikinci dəfədir ki, Bakıda təşkil olunur. Gecəni estradanın məşhur ulduzlarının ifası bəzəyib, zəngin şou-proqram və moda şousu keçirilib.
Gecənin sonunda xüsusi qonaq olaraq DJ Çina çıxış edib. Beynəlxalq layihədə yerli ulduzlarlarımız - müğənnilər, aktyorlar, ictimai xadimlər, rejissorlar, stilistlər, media işçiləri, modellər, idmançılar və digər sahələrin tanınmış simaları yarışır. Layihənin qaydalarına əsasən, "Dünya Gözəllik Konqresi"nin Azərbaycan nümayəndəliyi tərəfindən seçilən ulduz iştirakçılarımız iki ay səsvermədə iştirak edir. Birinci turda xalqın sosial media üzərindən səsverməsi yolu ilə iştirakçılar ikinci tura keçirlər. İkinci turda isə hər biri öz kateqoriyasında ən çox səs toplamış 5 iştirakçı "Top-5" siyahısına düşəcək və final mərhələsinə vəsiqə qazanacaq.
Finala keçən iştirakçılar ən yaxşı beşlikdə olduqları üçün beynəlxalq sertifikatla təltif olunacaqlar. Sertifikatlar Avropadan birbaşa göndəriləcək və "Dünya Gözəllik Konqresi"nin (WBC) prezidenti tərəfindən təqdim olunacaq.
Qeyd edək ki, dünyanın 80-dən çox ölkəsində fəaliyyət göstərən, "Dünya Gözəllik Konqresi"nin layihəsi olan "Most Fashionable Awards" mükafatlandırma mərasimi paytaxtımızda artıq bir dəfə keçirilib və böyük uğur qazanıb.
Layihənin beynəlxalq direktoru Zamir Hüseynov, Azərbaycan üzrə direktoru Aqil Məmiyevdir. Təşkilati komitədə bu il tanınmış prodüser Tarix Əliyev, aparıcı Afaq Gəncəli, Azərbaycan Respublikasının xalq artisti Faiq Agayev, Kəngərli Group-un rəhbəri Cəlal Kəngərli və tanınmış modelyer-dizayner A Glamour moda evinin rəhbəri Afaq İsmayılzadə yer alacaq.
İnformasiya dəstəkçiləri Trend, Day.Az və Milli.Az saytlarıdır.