Bakı. Trend: .
May ayının 4-də saat 16.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Sehrli səslər” (“Magical sounds”) musiqi və rəqs festivalı keçiriləcək.
Teatrdan Trend-ə verilən məlumata görə, festival Əməkdar Artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada və folklor rəqs ansamblının təşkilatçılığı ilə baş tutacaq.
Festivalda Bakının “Azəri inciləri”, Tiflisin “Basti Bubu” rəqs və musiqi kollektivləri iştirak edəcəklər.
Təhsil Nazirliyi, Uşaq Yaradıcılıq Mərkəzi və Quba Uşaq Yaradıcılıq Mərkəzinin dəstəyi ilə keçiriləcək festivalın fəxri qonaqları Əməkdar Artist Manana Çaparidze və Gürcüstandan gənc musiqiçi Elizabet Qabeçava olacaqlar.
Məlumat üçün bildirək ki, “Cəngi” estrada və folklor rəqs ansamblını mərhum sənətkar Rafiq Babayev yaradıb. Siyavuş Kərimi, Səkinə İsmayılova, Brilyant Dadaşova, Firəngiz Rəhimbəyova həmin dövrdə bu ansamblın solistləri olub. 2002-ci ildən isə tarzən, əməkdar artist Mircavad Cəfərov bu kollektivə rəhbərlik edir.