...

Kamran Həsənli və Könül Kərimova “Bollywood Night”da nə ilə təəccübləndirəcəklər? (VİDEO)

Mədəniyyət Materials 26 Oktyabr 2017 20:52 (UTC +04:00)
Konsert noyabrın 11-də, saat 19:00-da Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.
Kamran Həsənli və Könül Kərimova “Bollywood Night”da nə ilə təəccübləndirəcəklər? (VİDEO)

Bakı. Vüqar İmanov - Trend:

Kamran Həsənli və Könül Kərimova Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunmuş möhtəşəm “Bollywood Night” bayramında iştirak edəcəklər.

Trend-in məlumatına görə, Azərbaycan və hind estrada ulduzlarının iştirakı ilə “Bollywood Night” Hindistanın Azərbaycandakı Assosiasiyasının (prezident – Sobi T. Abraham) dəstəyi ilə “Full House Entertainment” (rəhbər – Dia Soun Kxe) tərəfindən təşkil edilib. Konsert noyabrın 11-də, saat 19:00-da Heydər Əliyev adına İdman Arenasında keçiriləcək.

K.Həsənli və K.Kərimova gecədə 1959-cu ildə çəkilmiş məşhur “Toz içində çiçək” hind filmindən “Dhadkane Lage dil ki” kompozisiyasını təqdim edəcəklər. Yeri gəlmişkən K.Həsənli və K.Kərimova bu kompozisiyaya bir neçə əvvəl çox populyarlıq qazanmış klip çəkiblər.

K.Kərimova Trend-ə bildirib: “Hələ də böyük məmnuniyyətlə baxdığım hind filmləri mənim üçün hər şeydən əvvəl uşaqlıq həsrətidir. Xeyirin şər üzərində daim qələbə qazandığı rəngarəng filmlərdə musiqi və rəqslər həmişə həyatımıza bayram gətirib. Filmlərin süjetinin çox sadə olmasına baxmayaraq, onlardakı romantizm və səmimilik ətraf aləmi yaxşı tərəfə dəyişmək imkanı göstərir”.

K.Həsənli Trend-ə deyib: “Mən yaşadığım həyətdə həmyaşıdlarım Hollivud filmlərinə və Qərb musiqisinə, yaşlı nəsil isə Bollivud filmlərinə və hind mahnılarına üstünlük verirdilər. Hər kəsin, o cümlədən mənim də öz üstün tutduqlarım var idi. Ən qədim mədəniyyət, müdrik fəlsəfə, son dərəcə gözəl məbədlər, mehriban xalq və gözəl adət-ənənələr, bunların hamısı Hindistandır. Bu ölkənin filmləri özünə xas istiqamətdir – bu, həmişə səmimi sevgi hekayələri, misilsiz rəqs və musiqi quruluşlarıdır, onlarda bütün dövrlər ərzində aktual olmuş və olacaq mövzular açılır”.

Xatırladaq ki, Azərbaycan Televiziya və Radiosunun solisti, xalq artisti Faiq Ağayev Bollivudun Azərbaycanda ulduz səfiridir. Konsert proqramında müğənnilər Ceyhun Bakinski, Fərid Həsənov və gənc ifaçı Nuray iştirak edəcəklər. Gecənin aparıcıları Nərminə Ağası və Samir Bayramlıdır. Azərbaycanın bütün artistləri Hindistanın milli geyimlərində çıxış edəcəklər və bu əfsanəvi ölkənin məşhur kompozisiyalarını təqdim edəcəklər. Çıxış “Super rəqqas” qrupunun parlaq şou və rəqsləri ilə müşayiət olunacaq. Hind rəqslərinin quruluşçu rəssamı Etibar Quliyevdir.

Gecədə iki ölkənin ənənəvi geyimlərindən ibarət “Fashion Show", o cümlədən Azərbaycanın əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın milli və hind motivlərindən ibarət kolleksiyası təqdim olunacaq. “Baku Fashion Club”un rəhbəri Lyubov Qutorova-Poyraz dəfilənin hazırlığında və təşkilində iştirak edəcək. “Hind Madonnası” və “Hindistanın pop-musiqisinin kraliçası” adlandırılan hind estradasının ulduzu Alişa Çinayın çıxışı gecənin kulminasiyası olacaq. Məşhur hind filmlərində hamı tərəfindən sevilən mahnıları məhz o ifa edir. Müğənni konsertdə özünün "Made in India", "Zoobie Zooby", "Mujhe Log Bole", "Raja Hindustani", "Sona Sona Roop Hai", "Kajra Re" xitlərini, “Disko rəqqası”, “Oyna-oyna”, “Cənab Hindistan” və başqa məşhur hind kinofilmlərindən mahnılar səsləndirəcək.

Qonaqlar üçün saat 17:00-dan 21:00-dək rəngarəng “Food & Shopping Festival” bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.

Biletlərin qiyməti 10, 20, 40 və 75 manatdır. Biletlər Bakının bütün kassalarında, “28 Mall”, “Gənclik Mall”, “Asan Xidmət” mərkəzlərində və onlayn https://iticket.az/ru/events/bollywood-night saytında satılır. Pulsuz çatdırılma üçün

(077) 600 00 60 telefon nömrəsinə müraciət etmək kifayətdir. Məlumat üçün telefon nömrələri: (077) 6229270, (077) 6229295

Tədbirin səhifəsi: https://www.facebook.com/bollywoodnight.in/

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti