...

Londonda bəstəkar Cövdət Hacıyevin yüzillik yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Mədəniyyət Materials 27 Noyabr 2017 17:40 (UTC +04:00)
Londonda Azərbaycan bəstəkarı Cövdət Hacıyevin yüzillik yubileyinə həsr olunmuş konsert keçirilib
Londonda bəstəkar Cövdət Hacıyevin yüzillik yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Bakı. Trend:

Londonda “St John’s” kilsəsinin “Smith Square” salonunda bəstəkar Cövdət Hacıyevin (1917–2002) yüzilliyinə həsr olunmuş konsert keçirilib.

Trend-in məlumatına görə, konsert Cövdət Hacıyevin qızı Pərvin Muradova tərəfindən, İngiltərə-Azərbaycan Cəmiyyətinin, “Rapid Solutions” şirkəti, Azərbaycan Evi və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib. Tədbirdə 200-dən artıq diplomat, ictimai xadimlər, musiqişilər və klassik musiqi mütəxəssisləri, həmçinin Azərbaycan diasporasının fəalları iştirak edib.

Cövdət Hacıyev Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyovun rəhbərliyi altında Azərbaycan Dövlət Konservatoriyasında və daha sonra Moskvada görkəmli Sovet bəstəkarı Dmitri Şostakoviçin rəhbərliyi altında təhsil alıb. Xalq mahnıları, xüsusilə aşıq mahnısı və muğam bəstəkarın fəaliyyətinə, yaradıcılığına böyük təsir göstərib. Cövdət Hacıyevin Azərbaycan simfonik musiqi ənənəsinin inkişafında əvəzsiz xidmətləri olub. Bəstəkarın yaradıcılığına işıq salan Dmitri Şostakoviç deyib: “Cövdət Hacıyev simfonik dərinliyi və fəlsəfi məzmunu olan musiqi yazmaq qabiliyyətinə malik istedadlı bəstəkardır.”

Qeyd edək ki, Londondakı konsert, bu ilin aprel ayında Nyu Yorkdakı “Carnegie Hall”-da, iyul ayında isə Vyana şəhərində bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş və dünyanın bir çox istedadlı gənc musiqiçilərinin çıxış etdiyi tədbirin ardından təşkil edilib. Tədbir iştirakçıları qarşısında çıxış edən Pərvin Muradova deyib: “Bu axşam biz böyük Azərbaycan bəstəkarı Cövdət Hacıyevin yaradıcılığını qeyd edirik. O, ölkəsi üçün görkəmli bir mədəniyyət səfiri və inanılmaz humanist bir insan idi. O, özünü gənc musiqiçilərin yetişdirilməsinə həsr edib”.

Konsert proqramına Aleksandr Peskanovun bəstələdiyi və Cövdət Hacıyevin 63 il birgə həyat sürdüyü sevimli yoldaşı Azərbaycan rəqqasəsi və xoreoqrafı Əminə Dilbazinin xatirəsinə həsr olunmuş “Azərbaycan Rapsodiyası” əsərinin İngiltərə premyerası daxil edilib. Bu əsər gənc pianoçularun müşaiyətilə Amerika Muğam Cəmiyyətinin prezidenti Cefri Verbokun (tar və kamança) ifasında səslənib. Daha sonra 9-11 yaşlı pianoçular Peskanovun dördhissəli “Bahar Konserti” əsərini ifa ediblər.

Tədbirin sonunda bəstəkarın simli alətlər kvarteti üçün yazılmış zəngin teksturalı və kəskin “Poema” əsəri Azərbaycan/Türk skripkaçısı Elvin Hoxha-Gəncıyev, Nyu Yorkda yerləşən Cilliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu, skripkaçı Səbinə Rakçeyeva, Uelsli skripkaçı Reyçel Birt və Alban violonçel ifaçısı Hayredin Hoxha tərəfindən ifa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti