...

Əməkdar artist beynəlxalq teatr festivalında birinci olub (FOTO)

Mədəniyyət Materials 28 Noyabr 2018 23:47 (UTC +04:00)
Şövqi Hüseynov "Ən yaxşı kişi" rolu nominasiyasında 1-cilik qazanıb.
Əməkdar artist beynəlxalq teatr festivalında birinci olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynov İranın Təbriz şəhərində keçirilən "Əlif" beynəlxalq teatr festivalında "Ən yaxşı kişi" rolu nominasiyasında 1-cilik qazanıb.

Trend-in məlumatına görə, festivalda Qazaxıstan, Rumıniya, İsveçrə, Əfqanıstan, İraq, Azərbaycan və İranın Təbriz, Tehran, Bəndər Abbas və s. şəhərlərinin teatrları iştirak edib. Azərbaycan festivalda "Dəlinin qeydləri" mono tamaşasıyla təmsil olunub. Nikolay Vasilyeviç Qoqolun pyesi əsasında Xalq artisti, rejissor Cənnət Səlimovanın quruluş verdiyi əsərdə Aksenti İvanoviç rolunu əməkdar artist Şövqi Hüseynov canlandırıb. Festivalda böyük uğur qazanan əməkdar artist mükafatların yaradıcı adam üçün stimul olduğunu qeyd edib: “Bilirsiniz ki, “Dəlinin qeydləri” bu günə kimi bir çox xarici ölkələrdə - Rusiya, Ukrayna, Belarusiya, Moldova, İran, Türkiyə, Tatarstan, Orta Asiya ölkələrində beynəlxalq festivallara qatılıb. Sevinirik ki, hər dəfə də müxtəlif zövqlü insanların, fərqli xalqlara xas tamaşaçıların, sənət bilicilərinin müsbət fikirlərini eşitmişik. Ümumiyyətlə Qoqolun qoyduğu problem ustadımız Cənnət Səlimovanın rejissor yozumunda son dərəcə aktualdır. “Kiçik adam” problemi sənəti hər zaman düşündürüb. Görünür həm də mövzunun aktuallığı bu səhnə əsərinin uğurudur. Bu cür uğurlar isə hər şeydən öncə vətənpərvərlik duyğusu ilə bağlıdır. Azərbaycan sənətinin ölkə hüdudlarından kənarda təmsil və təqdir olunması sevindiricidir şübhəsiz. Bu mənada son illərdə müxtəlif teatrlarımızın simasında qazanılan bu cür nailiyyətlər biz sənət adamları üçün stimuldur. Mən tamaşanın festivala qatılması üçün göstərdiyi köməkliyə, dəstəyə görə Azərbaycanın Mədəniyyət nazirliyinə və Gənc Tamaşaçılar Teatrı rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.”

Qeyd edək ki, “Dəlinin qeydləri” mono tamaşası gələn il fevral ayında İranda keçiriləcək növbəti “Fəcr” Beynəlxalq Festivalına dəvət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti