Bakı. Cani Babayeva, Zaur Mustafayev - Trend:
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində ideya müəllifi Xalq artisti Amaliya Pənahova olan “Şanlı Vətən” tamaşası təqdim edilib.
Trend-in məlumatına görə, səhnə əsərinin nümayişindən öncə Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani tarixən ermənilərin Azərbaycanın türk-müsəlman əhalisinə qarşı törətdiyi qanlı cinayətlər barədə məlumat verib.
Sonra tamaşa təqdim olunub.
31 mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə nümayiş olunan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı isə Rafiq Abdullayevdir.
Musiqi tərtibatı Rəşid Sultanova məxsus səhnə əsərində aktyorlar Tural Əhməd, Ülviyyə Rza, Toğrul Rza, İlqar Musayev, Rafiq İbrahimov, Tofiq Bayramov, Tural Ağayev, İsmayıl Atakişiyev və Hüsniyyə Mürvətova çıxış ediblər.
Çingiz Ələsgərli tərəfindən epik janrda qələmə alınmış əsərdə Əhməd Cavad və Şükriyyə xanımın nakam məhəbbətindən, Azərbaycan Xalq Cümhuriyyətindən (AXC), Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni- daşnaq işğalından azad etməsindən, habelə təməli ümummilli lider Heydər Əliyev və Süleyman Dəmirəl tərəfindən qoyulmuş “Dostluq körpüsü”nün Azərbaycan və Türkiyənin hazırkı prezidentləri tərəfindən uğurla davam etdirilməsindən danışılır.