...

Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

Mədəniyyət Materials 18 Sentyabr 2019 21:12 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 18-də Bakıda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.

Gecədə Xalq artisti, bədii rəhbər və baş dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və solist, Rusiyanın violin ifaçısı, P.İ.Çaykovski adına XVI beynəlxalq müsabiqənin qalibi Sergey Doqadin çıxış ediblər. Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasına uvertüra, Yan Sibeliusun Skripka və orkestr üçün konserti və görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun əziz xatirəsinə müəllifin 6 saylı simfoniyası səsləndirilib.

Qeyd edək ki, Üzeyir Hacıbəyli göstərdiyi xidmətlərlə öz adını Azərbaycanın musiqi tarixinə əbədi olaraq həkk edib. Dahi bəstəkarın doğum gününün musiqi bayramı kimi qeyd edilməsi ənənəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin 1995-ci ildə - bəstəkarın 110 illik yubileyi münasibətilə imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Böyük bəstəkar Azərbaycan xalqının tarixində silinməz iz qoyub. Təsadüfi deyil ki, Üzeyir bəy həm də ötən il 100 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-mədəni həyatında yaxından iştirak etmiş böyük şəxsiyyətlərimizdəndir.

Bu gün də Üzeyir bəy ənənələri davam edir. Milli Musiqi Günü artıq 10 ildir ki, təkcə musiqi bayramı olaraq deyil, həm də daha geniş miqyasda beynəlxalq musiqi festivalı kimi musiqisevərlərin görüşünə gəlir. Azərbaycan musiqisi bu gün beynəlxalq aləmdə təbliğ edilir. Musiqi kollektivlərimiz beynəlxalq müsabiqələrdə çıxış edərək Azərbaycan xalqının musiqi yaradıcılığı qüdrətini nümayiş etdirir. Heydər Əliyev Fondunun təşkilatçılığı, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan musiqisinin tarixi ənənələri UNESKO tərəfindən qorunmaqdadır. Bu gün musiqi ictimaiyyətimizin nümayəndələri Fəxri xiyabanı ziyarət edərək Üzeyir Hacıbəyli, eyni zamanda, Müslüm Maqomayev və digər görkəmli bəstəkarlarımızın xatirəsini yad etdi. Musiqi günü münasibətilə Azərbaycanın bütün bölgələrində tədbirlər həyata keçirilir. Bundan əlavə, builki XI beynəlxalq musiqi festivalı çərçivəsində paytaxtın bütün mədəniyyət müəssisələrində musiqi bayramı əhvalı hökm sürəcək, tanınmış musiqiçilərin əsərləri səslənəcək.

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalında Azərbaycan, ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri çıxış edəcək. Festival günlərində paytaxtın bir sıra konsert salonlarında - Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında, Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ümumilikdə 40-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, festival çərçivəsində sentyabrın 25-də Ağcabədi rayon “Qarabağ” Muğam Mərkəzində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı (bədii rəhbər və baş dirijor Ağaverdi Paşayev) və solistlərin iştirakı ilə konsert təşkil olunacaq. Həmin gün Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasının iştirakı və Sevil Hacıyevanın dirijorluğu ilə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” ikipərdəli musiqili komediyası nümayiş olunacaq.

Festival günlərində Xalq artisti, bəstəkar Aygün Səmədzadənin “Azərbaycan 100 mahnıda” layihəsinin, Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar incəsənət xadimi, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi” kitabının təqdimatları, Soltan Hacıbəyovun 100 illiyinə həsr olunmuş yubiley gecəsi və digər təqdimatlar keçiriləcək.

Festival sentyabrın 30-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti