Bakı. Trend:
9 oktyabr 1902-ci il tarixində görkəmli fransız arxeoloqu Emil Kartailak ispan həmkarı Marcelino Sanz de Sautuolanın qızı Mariyaya yazdığı məktubda uzun illər elmi ictimaiyyətin 1878-ci ildə onun atası tərəfindən aşkar olunmuş Altamira mağarasındakı qayaüstü təsvirlərin qədimliyinə şübhə ilə yanaşmasının səhv olduğunu etiraf edib.
Trend-in məlumatına görə, Avropa Şurası Mədəni Marşrutlar İnstitutunun Prehistoric Rock Art Trails (PRAT-CARP, Qədim Qayaüstü İncəsənət İzləri) Asosiasiyası tərəfindən etiraf məktubunun yazıldığı 9 Oktyabr tarixinin Avropa Qayaüstü İncəsənəti Günü kimi qeyd olunması qərara alınıb.
2019-cu ildən başlayaraq Assosiasiyaya üzv olan 161 qayaüstü incəsənət abidəsi tərəfindən Avropa Qayaüstü İncəsənət Günü müxtəlif tədbirlər keçirilməklə qeyd olunacaq. PRAT-CARP Assosiasiyasının tamhüquqlu üzvü olaraq Qobustan Milli Tarix-Bədii Qoruğu da Avropa Qayaüstü İncəsənət Gününün təsis olunması hərəkatına qoşulur.
Bu münasibətlə Qobustan Milli Tarix-Bədii Qoruğu 9 Oktyabr 2019-cu il tarixində məktəblilər üçün “Açıq qapı günü” elan edir və məktəbliləri PRAT-CARP təşkilatı tərəfindən elan olunmuş məktəbli uşaqlar arasında "The first Art of Europeans seen by Europeans of the future"(“İlk Avropalıların incəsənəti gələcək Avropalıların gözü ilə”)adlı ümumavropa rəsm müsabiqəsində iştirak etməyə dəvət edir.
Müsabiqədə iştirak edəcək məktəblilər əvvəlcə Qobustan muzeyi və qayaüstü rəsmləri ilə tanış olacaq, arxeoloq və sənətşünasların qədim qayaüstü təsvirlər və müasir rəssamlıq sənəti haqqında söhbətlərini dinləyəcəklər. Sonda uşaqlar ekskursiya müddətində gördükləri və mütəxəssislərdən eşitdikləri əsasında rəsm əsəri çəkməlidirlər. Müsabiqənin şərtləri aşağıdakı kimidir:
· Müsabiqədə 6-14 yaşlı uşaqlar iştirak edə bilər
· Müsabiqənin mövzusu – “Mənim ən xoşladığım qayaüstü incəsənət abidəsi”
· Müsabiqədə iştirak etmək istəyənlər 9 Oktyabr 2019-cu il tarixində Qobustan Milli Tarix-Bədii Qoruğuna gəlməli və onlara təqdim olunacaq A3 ölçülü blankda öz əl işlərini çəkməlidir
· Rəsmlərin texnikası sərbəstdir, iştirakçıların özləri tərəfindən müəyyən olunur
· Peşəkar rəssamlar tərəfindən seçiləcək işlər ümumavropa müsabiqəsində Qobustan Milli Tarix-Bədii Qoruğunu təmsil etmək üçün göndəriləcək
· Seçilmiş işlər İspaniyada təşkil olunacaq sərgidə və nəşr olunacaq kataloqda öz
əksini tapacaq
· Ümumavropa müsabiqəsində yer tutmuş işlərin müəlliflərinə PRAT-CARP təşkilatı tərəfindən mükafatlar veriləcək.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az