...

Şuşa bundan sonra daha da gözəlləşəcək - Elçin Əfəndiyev

Mədəniyyət Materials 30 Avqust 2021 16:46 (UTC +04:00)
Şuşa bundan sonra daha da gözəlləşəcək - Elçin Əfəndiyev

Bakı. Trend:

Mən tam əminəm, Şuşa bundan sonra daha da gözəlləşəcək, inkişaf edəcək, Şuşa daha artıq eşqlə böyük sənətkarlar, böyük vətəndaşlar yetişdirəcək. Cənab Prezident, Azərbaycanın gələcək tarix kitablarında, salnamələrdə Sizin adınız həmişə azad Şuşa ilə, azad Qarabağ ilə yanaşı yazılacaq.

Trend-in məlumatına görə, bunu Xalq yazıçısı Elçin Əfəndiyev Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib.

Xalq yazıçısı bildirib:

"Əziz dostlar, mənim təsəvvürümdə Şuşa canlı bir orqanizmdir. Biz 30 il Şuşa ağrısı ilə yaşadıq. Ancaq bu 30 ildə Şuşanın özü də həsrət və ağrı içərisində idi. Bu canlı orqanizm doğma xalqının yolunu gözləyirdi. Nəhayət ki, Şuşa bu həsrət əsarətindən, bu ağrıdan xilas oldu. 44 günlük azadlıq savaşında Ali Baş Komandan da, generallar da, zabitlər də sıravi Azərbaycan əsgəri idilər. Ali Baş Komandan həm də bu 44 gündə Azərbaycan xalqının ədalətinin və prinsipiallığının tribunu idi. Bu tribunun səsi dünyaya da yayılırdı, hər bir azərbaycanlının ürəyinə də yayılırdı. Bu gün bizim hamımız, bütün Azərbaycan xalqının sevinci, fərəh hissi və qüruru, eyni zamanda, Şuşanın özünün də sevincidir, Şuşanın da qürurudur.

Əziz dostlar, mən 40 il bundan əvvəl də burada keçirilən bu unudulmaz Vaqif poeziya bayramının iştirakçısı olmuşam. Bu gün mənim içimdəki Zəfər sevinci, fərəh və qürur hissi ilə bərabər, güclü bir təəssüf də var. Mən olduqca çox təəssüf edirəm ki, ulu öndər Heydər Əliyev bu günü görmədi, bütün varlığı ilə Şuşa sevincini yaşamadı. Ürəyi Şuşa ağrısı ilə sızlayan bir çox yazıçı və şairlər də, bir çox qarabağlı insanlar, o cümlədən İlyas Əfəndiyev də bu sevinci yaşaya bilmədilər. Ancaq mən sözümü ikinci bir etirafla bitirmək istəyirəm. 44 günlük Zəfər real sevinci, real fərəhi, real qüruru ilə bərabər, mənim içimdə mistik bir reallıq da yaradıb. Mən inanıram, qətiyyən şübhə etmirəm ki, Ulu Öndər də, bu gün burada yeri görünən o yazıçı və şairlər də elə bu dəm yuxarıdan bizə baxırlar və hər şeyi görürlər. Şuşa sevinci, Qarabağ sevinci o ali məqamda onlarla bir yerdədir. Qarabağ Azərbaycandır!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti