Bakı. Trend:
Martın 15-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət İnstitutunun prezidenti Saad Xan Azərbaycan Milli Kitabxanasının qonağı olub.
Bu barədə Trend-ə Azərbaycan Milli Kitabxanasından məlumat verilib.
Görüşdə kitabxananın direktoru professor Kərim Tahirov Azərbaycan Milli Kitabxanası ilə İƏT arasında əlaqələrdən bəhs edib. İƏT üzvü olan ölkələrin Milli Kitabxanaları Şurası çərçivəsində birgə fəaliyyətdən söz açaraq görülən işlərdən danışan direktor, eyni zamanda, Azərbaycan və Pakistanın milli kitabxanalarının əməkdaşlığından bəhs edib. O, 2023-cü ildə qardaş Pakistanın Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransda iştirak etdiyini, iki ölkənin milli kitabxanaları arasında əməkdaşlığa dair memorandum imzalandığını və son iki ildə Pakistan Milli Kitabxanasına Azərbaycanın tarixinə, mədəniyyətinə və tarixi Zəfərimizə dair 85 nüsxə kitablar göndərildiyini söyləyib. Ölkəmizin ən zəngin kitabxanası haqqında qonaqlara məlumat verən direktor Azərbaycan Milli Kitabxanasının Beynəlxalq əməkdaşlıq zalında bir sıra dünya ölkələrinin ədəbiyyat guşələrinin olduğunu və gələcəkdə burada “Pakistan ədəbiyyatı guşəsi”nin yaradılmasından məmnunluq duyacağını vurğulayıb.
İƏT-in Mədəniyyət İnstitutunun prezidenti Saad Xan bu institutun 2007-ci ildə yaradıldığını və 6 üzvü olduğunu söyləyib. O, hazırda 10 üzvü olan təşkilata son iki ildə Azərbaycanın sədirlik etdiyini və bu illər ərzində qurumun təşkilati fəaliyyətinin həddindən artıq genişləndiyi vurğulayıb. Saad Xan bu görüşün iki ölkə və onların milli kitabxanaları arasında əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini vurğulayıb.
Sonra Azərbaycan Milli Kitabxanası ilə tanış olan qonaqlar kitabxananı çox bəyəndiklərini söyləyiblər.
Sonda direktor Kərim Tahirov qonaqlara Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, “Qarabağ - Yeni sətirdən”, “The book of kings” kitablarını və Azərbaycan xəritəsini hədiyyə edib. İƏT Mədəniyyət İnstitutunun prezidenti isə “ECO Heritage” və “ECO Cultural institite annual report - 2024” jurnallarını Milli Kitabxananın fonduna bağışlayıb.