Bakı. Trend:
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland Krallığının Nümayəndələr Palatasını ikili standartlardan kənar durmağa çağırır.
Trend-in məlumatına görə, XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Niderland parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarına münasibət bildirərkən deyib: "Niderland Krallığı parlamentinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə əlaqədar qərarını qərəzli və qeyri-obyektiv hesab edirik. Saxtalaşdırılmış tarixi faktların qərəzli siyasi məqsədlər üçün istifadə edilməsi düzgün deyil".
H.Hacıyev qeyd edib ki, Ermənistan tərəfi çirkin siyasi məqsədlər güdərək arxivlərin açılması və qondarma “erməni soyqırımı”nın tarixçilər tərəfindən birgə araşdırılmasından imtina etməkdə davam edir.
Nazirlik rəsmisi tarixi faktları xatırladaraq vurğulayıb ki, I Dünya müharibəsi dövründə ermənilər tərəfindən Anadolu, tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə mahalı və Qarabağda insanların etnik mənsubiyyətinə görə kütləvi qətli və digər vəhşi əməllər, o cümlədən 1918-ci ilin martında Bakıda və digər Azərbaycan şəhərlərində Azərbaycan xalqına qarşı soyqırım törədilib.
H.Hacıyev bildirib ki, 1980-ci illərin sonlarından başlayaraq, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz və işğal nəticəsində çoxsaylı hərbi və insanlıq əleyhinə cinayət əməlləri və soyqırım aktları törədilib, Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qoyulub:
"Bunların içərisində ən dəhşətlisi isə 1992-ci ilin 26 fevral tarixində Ermənistanın indiki siyasi-hərbi rəhbərliyinin şəxsən iştirakı və komandanlığı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilmiş Xocalı soyqırımıdır. Niderland Krallığının Nümayəndələr Palatasını ikili standartlardan kənar durmağa, ədalət və obyektivlik prinsiplərini rəhbər tutaraq, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu hadisəyə qiymət verməyə dəvət edirik".