Bakı. Samir Əli - Trend:
Bakıda avtobus dayanacaqlarında siqaret çəkmək qadağan edilib.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, bu məqsədlə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən quraşdırılan dayanacaq pavilyonlarına xəbərdarlıq elanları vurulub.
Xatırladaq ki, qanun qüvvəyə mindikdən dərhal sonra Bakı Nəqliyyat Agentliyində paytaxtda müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərlə görüş keçirilib. Qeyd edilən qanunun tələblərinin yerinə yetirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.