Bakı. İlhamə İsabalayeva - Trend:
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunmuş "Sevdiyim" layihəsinin təqdimat mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər.
Dövlət rəsmilərinin çıxışlarından sonra görkəmli şair, dramaturq Cəfər Cabbarlının "Sevdiyim" şeiri əsasında hazırlanmış və yüzillik tariximizin əks olunduğu klip təqdim olunub. Əsərin bəstəkarı və ifaçısı əməkdar artist Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür.
Sonra əməkdar artist Tünzalə Ağayevanın ifasında vətənpərvərlik mahnıları səsləndirilib.
Qeyd edək ki, "Sevdiyim" layihəsi "ASAN xidmət", "ASAN Könüllüləri" təşkilatı və ASAN Radio-nun birgə təşkilatçılığı ilə həyata keçirilir və layihə müddətində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.