...

Nazir müavini: Düşmənin canlı qüvvəsi və döyüş texnikalarının məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı

Gündəm Materials 17 Dekabr 2018 13:59 (UTC +04:00)
Düşmənin canlı qüvvəsi və döyüş texnikalarının məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynayıb.
Nazir müavini: Düşmənin canlı qüvvəsi və döyüş texnikalarının məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı

Bakı. Samir Əli - Trend:

Düşmənin canlı qüvvəsi və döyüş texnikalarının məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynayıb.

Trend-in məlumatına görə, bunu müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının peşə bayramı münasibətilə keçirilən tədbirdə deyib.

Nazir bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızda digər sahələrlə yanaşı, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilib. Məhz görülmüş işlər nəticəsində bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri hazırda dünyanın ən güclü 50 ordusu sırasında yer tutur:

"Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi. Azərbaycan tarixinə şanlı səhifələrdən biri kimi daxil olan Aprel döyüşlərində qüdrətli ordumuz Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı. Bu döyüşlərin ən mühüm yekunu Lələtəpə yüksəkliyinin azad olunması və bununla da Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təmin edilməsi oldu. 2018-ci ilin mayında isə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirildi. Həmin döyüşlərdə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlardan geniş istifadə olundu. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının yerinin müəyyən edilərək məhv edilməsində yeni növ milli müdafiə təyinatlı məhsullar mühüm rol oynadı".

Y.Musayev nazirliyin qarşısında duran perspektivlərdən də danışıb. Bildirib ki, bu gün hərtərəfli inkişaf edən respublikamızda müdafiə sənayesinin yeni inkişaf hədəflərinin müəyyən edilməsi və bu istiqamətdə konkret işlərin həyata keçirilməsi üçün Müdafiə Sənayesi Nazirliyi tərəfindən müvafiq işlər aparılır. Belə ki, müxtəlif istiqamətlər üzrə müasir texnologiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması, idxalı əvəz edəcək məhsulların yerli istehsalının təşkili, ixrac potensialının artırılması, eləcə də hazırda fəaliyyət göstərən istiqamətlərin təkmilləşdirilməsi üçün ardıcıl tədbirlərin həyata keçirilməsi və digər məsələlər nəzərdə tutulur.

O qeyd edib ki, istehsal müəssisələrinin fəaliyyətinin tənzimlənməsi üçün özünütəminetmə səviyyəsinin yüksəldilməsi qarşıda duran əsas vəzifələrdəndir: "Bu istiqamətdə görüləcək ən mühüm işlərdən biri müdafiə təyinatlı məmulatlarla yanaşı, mövcud istehsal bazasından istifadə etməklə mülki məmulatların da istehsalını genişləndirməkdir".

Nazir müavini əlavə edib ki, müdafiə sənayesinin inkişafı bilavasitə yeni hərbi məhsulların yaradılması üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin aparılmasından asılıdır. Sahə üzrə davamlı inkişaf naminə bu istiqamətdə də müvafiq işlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti