Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) televiziya və radio kanallarının rəhbər şəxsləri ilə görüş keçirilib.
Trend-in məlumatına görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə bildirib ki, görüşün keçirilməsində məqsəd Azərbaycanda teleradio yayımı məkanında teleseriallarla bağlı mövcud vəziyyəti müzakirə edib, problemlərin həlli yollarını tapmaq idi.
N.Məhərrəmli Azərbaycan televiziya məkanında serialların mövcud vəziyyətinin çox narahatedici olduğunu bildirib.
MTRŞ sədri qeyd edib ki, serialların ssenarisi, qeyri-peşəkar aktyorların iştirakı, texniki çatışmazlıqlar, Azərbaycanın ailə dəyərlərinə uyğun olmayan mövzular, bayağı, qeyri-etik ifadələrin işlədilməsi narahatedici məqamlardır:
“Ona görə də bu sahədə çalışanlarla məsələləri müzakirə edib problemləri aradan qaldırmaq istəyirik. Narazılıq adətən komediya və kriminal janrda çəkilən seriallarla bağlıdır. Bu seriallarda Azərbaycan ailəsinə xas olmayan hərəkətlər göstərilir. Qayınata-kürəkən, qayınana-kürəkən, ata-oğul, ata-qız, bacı-qardaş münasibətləri, hörmətsiz ağsaqqal, qeyrətsiz oğul məsələsi efirdə geniş istifadə olunur. Bu da bizi narahat edən məqamlardandır”.