Bakı. Samir Əli - Trend:
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Bilik günü münasibətilə "İçərişəhər" stansiyasında birinci sinif şagirdləri olan balaca sərnişinlər üçün tədbir keçirib.
Qurumdan Trend-ə verilən məlumata görə, ilk dərs günündən sonra stansiyaya daxil olan birinci sinif şagirdləri bir-birindən fərqli sürprizlərlə rastlaşıblar. Müxtəlif nağıl və əsatir qəhrəmanları, o cümlədən uzunayaq, iri oyuncaqlar və s. uşaq qəhrəmanları əyləncəli proqramları ilə stansiya vestibülündə balaca sərnişinləri qarşılayıb.
Tədbirdə, həmçinin sehrbaz illüziyaçının şou-proqramı təqdim olunub. Daha sonra tədbir musiqili proqramla, birincilərin görüşünə gələn böyük oyuncaq və tarazlayıcının əyləncələri ilə davam edib.
Metropoliten işçiləri ilk dərs günü ilə bağlı uşaqların təəssüratlarını soruşub, arzu və diləklərini çatdırıb, tövsiyələrini veriblər.