...

ADA Universiteti Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi Aİ ilə yeni layihəyə başlayıb

Gündəm Materials 20 Avqust 2020 15:21 (UTC +04:00)

Bakı. Trend:

ADA Universiteti Avropa İttifaqının keçirdiyi “Erasmus+ Jean Monnet Module” üzrə qrant müsabiqəsinin qalibi seçilərək Aİ ilə yeni layihəyə başlayıb.

Müsabiqədə əldə etdiyi qrant vasitəsilə ADA Universitetinin Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzi tədqiqatçılar üçün təlim proqramlarını, mühazirələri və layihələri maliyyələşdirəcək, dövlət qulluqçularının Aİ barədə biliklərini təkmilləşdirmək üçün kurslar təşkil edəcək.

“Jean Monnet” layihəsi çərçivəsində keçirilən müsabiqəyə müxtəlif ölkələrdən 1000-dən çox aparıcı elm-təhsil müəssisəsi qoşulsa da, ADA Universiteti də daxil olmaqla 240 ali təhsil müəssisəsi qalib seçilib.
ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Dr. Anar Vəliyev də “Jean Monnet” adına fəxri professorluq vəzifəsinə layiq görülüb.

“Jean Monnet” layihəsi ali təhsil müəssisələrində gənc tədqiqatçıların Aİ üzrə tədqiqatlar aparmasını və bu istiqamətdə təlim-tədris proqramlarının həyata keçirilməsini təşviq edir. Aİ ilə bağlı elmi araşdırmalarda, tədqiqatçıların yetişdirilməsində fəal iştirak edən ADA Universiteti Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin dəstəyi ilə 2013-cü ildə ADA nəzdində Avropa İttifaqı məsələləri üzrə Bilik Mərkəzini yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti