...

15 Sentyabr Bilik Günü Heydər Əliyev adına Hərbi Liseydə də qeyd edilib (FOTO/VİDEO)

Gündəm Materials 15 Sentyabr 2020 19:14 (UTC +04:00)
15 Sentyabr Bilik Günü Heydər Əliyev adına Hərbi Liseydə də qeyd edilib (FOTO/VİDEO)

Bakı. Trend:

15 Sentyabr Bilik Günü Heydər Əliyev adına Hərbi Liseydə də qeyd edilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev bilik günü münasibətilə zabit, müəllim və kursantları təbrik edərək bildirib ki, 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 338 kursant təhsil alır. Hərbi liseydə fəaliyyət göstərən pedaqoji kollektivin vətənpərvərliyinin və peşəkarlığının nəticəsidir ki, kursantların təhsilində, tərbiyəsində və intizamında uğurlar qazanılıb. Ötən illər ərzində Hərbi Liseyi 3 min 200-dən çox kursant bitirərək müxtəlif ali hərbi məktəblərə daxil olub. Bu il hərbi liseyi bitirən məzunlardan 145 nəfəri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə, 28 nəfəri Türkiyə Respublikasının, 9 nəfəri Rusiya Federasiyasının ali hərbi məktəbinə daxil olub.

Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Lamiyə Əsgərova və kursant Xəyyam Gülməmmədov çıxış edərək yaradılan hərtərəfli şəraitə görə dövlətimizə minnətdarlıqlarını bildirib, bundan sonra da dərslərdə fəal olacaqlarına söz veriblər.
Çıxışların ardından orkestrin müşayiəti ilə “Hərbi lisey marşı” ifa edilib, tribuna önündən təntənəli keçid olub.

Qeyd edək ki, hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almağa başlayan kursantların hər birinə tədris vəsaitləri ilə tam komplektləşdirilmiş çantalar hədiyyə edilir. Tədbirdə kursant çantalarına baxış olub. Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev pedoqoji kollektivlə görüşüb, keçirilən dərslərlə maraqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti