...

Trend BİA və “Albayrak Media Group” arasında media platforması yaradılacaq (FOTO)

Gündəm Materials 21 Dekabr 2020 14:21 (UTC +04:00)
Trend BİA və “Albayrak Media Group” arasında media platforması yaradılacaq (FOTO)

Bakı. Trend:

Azərbaycanın Trend Beynəlxalq İnformasiya Agentliyi (BİA) və Türkiyənin “Albayrak Media Group”u arasında birgə əməkdaşlıq platformasının yaradılması ilə bağlı razılıq əldə olunub.

Bununla bağlı dekabrın 15-də İstanbul şəhərində Niyyət Protokolu imzalanıb. Protokola əsasən, ilk dəfə olaraq Azərbaycan və Türkiyə müstəqil media qurumları arasında müasir texnologiyalara əsaslanan media platformasının yaradılması planlaşdırılır.

“Albayrak Media Group”un daxil olduğu “Albayrak Group”un İdarə heyətinin sədri Ahmet Albayrakla görüş zamanı Trend BİA-nın Baş direktoru İlqar Hüseynov və Milli Məclisin deputatı Sevil Mikayılova gələcək birgə əməkdaşlığın ümumi strategiyasını müzakirə ediblər.

A.Albayrak ilk növbədə azərbaycanlı qonaqları Vətən müharibəsində böyük qələbə münasibətilə təbrik edib: “Türkiyə hər zaman qardaş Azərbaycanın yanındadır və media sahəsində də birgə səylərin göstərilməsi çox vacibdir”.

Görüş zamanı 44 günlük Vətən müharibəsində “Albayrak Media Group”a daxil olan resursların fəal şəkildə Azərbaycana dəstək verdiyi qeyd olunub. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında göstərdiyi genişmiqyaslı fəaliyyətə görə “Albayrak Group”un İdarə Heyətinin sədri A.Albayraka təşəkkür ifadə olunub.

Qeyd edək ki, Türkiyə mediası Azərbaycanın haqq səsinin ucadan eşidilməsi üçün ilk gündən yüksək peşəkarlıqla fəaliyyət göstərib. Bu mənada, “Albayrak Media Group”a daxil olan “Yeni Şafak” qəzeti, eləcə də “TVNET”, “yenisafak.com” və “gzt.com” resurslarının hazırladığı xüsusi materiallar populyar olmaqla yanaşı, Türkiyə-Azərbaycan qardaşlığını bariz şəkildə sərgiləyib.

Trend BİA və “Albayrak Media Group” arasında birgə işbirliyinin yaradılması Türkiyə mediasında da böyük maraqla qarşılanıb və geniş işıqlandırılıb.

Qeyd edək ki, “Albayrak Group” 1952-ci ildə yaradılıb. “Albayrak Group”un tərkibinə daxil olan “Albayrak Media Group” 1995-ci ildən Türkiyə mediasında fəaliyyət göstərir. “Yeni Şafak” qəzeti və “TVNET”, eləcə də “Derin History”, “Z Report”, “Lokma”, “Gender”, “Skyroad”, “Bilge Cocuk” və “Bilge Minik” ilə yanaşı, aylıq “Post Öykü” və həftəlik “Real Life” jurnalları ilə “Albayrak Media Group” media sektorunun liderləri arasındadır.

“Albayrak Media Group” haqqında daha ətraflı buradan baxa bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti