...

ABŞ Səfirliyi 2021-2023-cü İllər üçün Jurnalistika üzrə Magistr Proqramını elan edib

Gündəm Materials 6 Mart 2021 12:42 (UTC +04:00)
ABŞ Səfirliyi 2021-2023-cü İllər üçün Jurnalistika üzrə Magistr Proqramını elan edib

Bakı. Trend:

ABŞ Səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulunun aparılması haqda məlumat verir. Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi və Gürcüstandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

Azərbaycandan beş nəfər tələbə bu proqramda iştirak üçün seçiləcək. Proqram dörd semestrdən ibarətdir və 2021-2023-ci illərdə həyata keçiriləcək. Proqramın üç semestri – (sentyabr 2021-dekabr 2022) Tbilisi şəhərində GİPA-da keçiriləcək. Dördüncü semestrdə isə (2023 ilin yanvar-iyun aylarında) tələbələr Bakıda diplom işinə hazırlaşacaqlar. 2023-cü ilin iyul ayında diplom işlərini müdafiə etmək üçün onlar yenidən GİPA-ya qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompyuter, radio və video avadanlıqlarından, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal adlı jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

Çap, onlayn və tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və toplanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdırılmasını nəzərdə tutur. Burada, həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq.

Dil imtahanından və müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur.

ABŞ-ın Bakıdakı Səfirliyi tələbələrin tədris və yaşayış xərclərini maliyyələşdirəcək.

Qaliblər, bu ilin avqust ayında birgə Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə nəticəsində müəyyənləşəcək. Sənədlərin son qəbul ğünü 10 may 2020-ci ildir.

Əlavə məlumat üçün əlaqə saxlayın:

Mehdi Hüseynquluyev, proqramın yerli koordinatoru

E-mail: [email protected]

[email protected]

Və ya

Gürcüstanın İctimai Əlaqələr İnstitunun nəznində

Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi

Ünvan: Brosse küç. 2, Tbilisi, Gürcüstan

E-mail: [email protected] web: http://www.gipa.ge/csjmm/cert_en.php

Sənədləri Mehdi Hüseynquluyevin elektron ünvanlarına göndərə və ya ABŞ səfirliyinə təhvil verə bilərsiniz (ünvan: Azadlıq prospekti 111).

GİPA proqramına tələb olunan sənədlərin siyahısı:

1. Ərizə forması

2. Tövsiyə məktubları

3. Təhsil məqsədləri haqqinda bəyanat

4. Diplomların surəti

5. Diplom əlavələri

6. Şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti

Əlavə məlumat:

Əsası 1994-cü ildə qoyulan Gürcüstanın İctimai Əlaqələr İnstitutu özəl tədris ocağı olmaqla Qafqazda demokratik və bazar islahatlarına dəstək olmaq üçün yüksək ixtisaslı ictimai qulluqçu və jurnalistlər yetişdirən institutdur.

Qafqaz Jurnalistika və Media İdarəçiliyi məktəbi 2001-ci ildə jurnalistika və media idarəçilyi sahəsi üzrə tədris və təlim proqramları vasitəsilə Qafqazda müstəqil medianın inkişafını dəstəkləmək məqsədilə yaradılıb. Məktəbin fəlsəfəsinə əsasən dəqiq və qərəzsiz xəbərçilik ənənəsində təlim görmüş jurnalistlər işlədikləri yerdə jurnalistikanın səviyyəsini qaldırır, dəqiq məlumat verməklə və peşə standartlarını yüksəkdə tutmaqla cəmiyyətə xidmət göstərir.

Məktəbin açıldığı vaxtdan bəri 155-ə yaxın məzun ingilis dilli regional proqramı bitirərək jurnalistika və media idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib. Məktəbin Azərbaycandan olan məzunları yerli media sahəsində lider vəzifələrdə çalışmaqdadırlar. Onların 87%-i hazırda müxtəlif sahələrdə çalışırlar. Bizim məzunlar hazırda işlədikləri televiziya, radio və qəzetlərdə dəqiq, qərəzsiz, müstəqillik kimi prinsiplərə söykənən tanınmış jurnalistlərdir. Məzunlarımızın ən çox cəmləşdiyi media qurumları 1 News, Turan, APA informasiya agentlikləri, CBC, BBC Monitorinq, Azadlıq/Azad Avropa radiosunun Rus və Azərbaycan xidmətləridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti