...

Mina terrorunun daha bir qurbanı: Ermənilər ağlagəlməyən tələlər qurublar - Trend TV-nin REPORTAJI

Gündəm Materials 26 May 2021 11:57 (UTC +04:00)
Mina terrorunun daha bir qurbanı: Ermənilər ağlagəlməyən tələlər qurublar - Trend TV-nin REPORTAJI

Ağdam. Aslan Məmmədli – Trend:

Bir müddət əvvəl Ağdamın işğaldan azad edilmiş Yusifcanlı kəndində ata ocağını ziyarətə getmək istəyən bir ailənin üzvləri minaya düşüb.

Həmin zaman yaralılara köməyə gedənlərdən biri də əslən Laçından olan, hazırda Ağdamda məskunlaşan Bəhruz Abdulov olub. Bəhruz zərərçəkənlərə yardım etmək istəyərkən özü də minaya düşüb.

Trend-in Qarabağ bürosunun çəkiliş qrupu B. Abdulovun evində qonaq olub, onun səhhəti ilə maraqlanıb. B.Abdulov hadisə zamanı bədəninin müxtəlif nahiyələrindən çoxsaylı xəsarətlər alıb, xeyli müddətdir ki, intensiv müalicə olunur.

Zərərçəkmiş bildirib ki, ərazi təsəvvür edilə bilməyəcək şəkildə minalanıb: “Ayağını hara atırsan, minadır, minaların sayı-hesabı yoxdur. Ermənilər ağlagəlməz tələlər qurublar. Təəssüf ki, biz də məsuliyyətsizlik etdik və nəticəsi ortadadır. Əslində köməyə getmişdik, amma özümüz də yaralandıq”.

B.Abdulov onu da bildirib ki, insanlar öz kəndlərini, el-obalarını, evlərini görməyə, ziyarət etməyə can atırlar. Amma bu, olduqca təhlükəlidir. Bəzən bu hərəkət onların həyatı, sağlamlığı bahasına başa gəlir:

“Mən bütün vətəndaşlara müraciət edirəm, xahiş edirəm, icazəsiz həmin ərazilərə getməsinlər, əks halda həyatlarını təhlükəyə atmış olurlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti