...

Nəsimi rayonunda küçələr təmir edilir (FOTO)

Gündəm Materials 22 İyun 2021 11:11 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Nəsimi rayonu üzrə ümumi uzunluğu 3 km-dən çox olan küçələr təmir edilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 2021-ci ilin investisiya proqramına uyğun olaraq, Bakı şəhəri üzrə təmirə ehtiyacı olan küçə və yollarda Agentlik tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Nəsimi rayonu ərazisində də bu istiqamətdə genişmiqyaslı təmir-tikinti işlər davam etdirilir. İşlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, ümumi istifadədə olan küçə və yollarda aparılır.

Cari ildə rayon üzrə ümumi olaraq 6 km ərazidə yenidənqurma işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bir müddətdir bu istiqamətdə təmir-tikinti işləri davam etdirilir, küçə və yollar əsaslı şəkildə bərpa olunur.

Hazırda Nəsimi rayonu üzrə ümumi uzunluğu 3 km-dən çox olan Eldar Tağızadə, Feyzulla Qasımzadə, Abbas Səhhət, İmran Qasımov, Ağadadaş Qurbanov, Süleyman Rüstəm və Əlimərdanbəy Topçubaşov küçələrində təmir işləri son mərhələ üzrə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd olunan küçələr uzun müddət təmir olunmadan istismar olunduğundan hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir və yol əsası hazırlanır. Daha sonra isə yeni asfalt-beton örtüyü döşənir.

Təmir-tikinti işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir, küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemləri də bərpa olunaraq işlək vəziyyətə gətirilir, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulur. Ümumilikdə təmir işlərinin aparıldığı ümumi sahə 30 min kv.m-dən çoxdur.

Hazırda qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və tərtib olunmuş qrafikə uyğun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır.

Görülən işlərin ardıcıllığına uyğun olaraq rayon üzrə daha 2.5 km uzunluğa malik Ceyhun Səlimov, Alı Mustafayev, İbrahim Əbilov və Balababa Məcidov küçələrinin də təmiri icra olunacaq.

Növbəti Sərəncam və İnvestisiya Proqramları çərçivəsində isə rayon üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da işlərin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, ölkə başçısının tapşırığına əsasən, agentlik tərəfindən 2019-2020-ci illər ərzində Nəsimi rayonu üzrə 10 km-dən çox uzunluğa malik küçə və yol təmir edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti