...

Uşaqlarda günvurma ilə bağlı müraciətlərin sayı kəskin artıb

Gündəm Materials 8 İyul 2021 12:23 (UTC +04:00)
Uşaqlarda günvurma ilə bağlı müraciətlərin sayı kəskin artıb

Bakı. Samir Əli – Trend:

Yay mövsümü isti havaya məruz qalmağın təsirləri ilə əlaqədar pediatrlara müraciətlərin sayında kəskin artım müşahidə olunur.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin eksperti Hüseyn Qabulov deyib.

Ekspert bildirib ki, bu yay da istisna deyil: “Hazırki vəziyyəti və yay mövsümünün qızmar günlərinin hələ qabaqda olmasını nəzərə alaraq, uşaqları istivurmadan və onun ağır nəticələrindən mümkün qədər qorumaq üçün valideynlərə bir neçə tövsiyələr və məsləhətlər vermək istərdim. Məsələ burasındadır ki, bu problemlə bağlı elektron məlumatlar da daxil olmaqla, mediada bir çox fərqli informasiya mövcuddur. Lakin bu materialları təhlil edərkən, bəzi məqalələrin və tövsiyələrin tam düzgün olmadığı və hətta bəzən uşağa zərər verə biləcəyi ortaya çıxır.

Təbii ki, açıq havada olmaq imkanından yararlanmaq sağlamlığın açarlarından biridir. Ancaq, eyni zamanda, isti günlərdə diqqətli olmağı unutmamalıyq.

Unutmamalıyıq ki, əgər uşaq uzun müddət istidə və ya günəş şüaları altındadırsa istivurma və ya günvurma baş verə bilər. Bu, olduqca təhlükəli bir vəziyyətdir və ilk növbədə beyin, ürək-damar, tənəffüs sistemi və digər orqanlara təsir edir”.

Ekspert açıqlamasında istivurma və günvurma arasındakı fərqə də aydınlıq gətirib. Bildirib ki, istivurma uzun müddət xarici mühitdə qalma nəticəsində bütün bədənin həddindən artıq istiləşməsindən yaranan vəziyyətdir: “Eyni zamanda, istivurma orqanizmin ümumi isinməsi, bədən hərarətinin yüksəlməsi və nəticədə vacib funksiyalarının pozulmasına səbəb olur.

İstivurmanın bir növü olan günvurma, günəş şüaların birbaşa baş nahiyəsinə məruz qalması nəticəsində olur.

Hər iki vəziyyət o halda baş verir ki, uşaq uzun müddət istiyə (istivurmaya) və ya birbaşa günəş şüasına (günvurmaya) məruz qalır, bu da həyati orqanların funksiyalarının pozulmasına səbəb olur.

İstivurmanın ağırlıq dərəcəsi təkcə ətraf mühitin temperaturundan deyil, eyni zamanda istiliyin orqanizmə təsir müddətindən də asılıdır.

İstivurmanın inkişafına təkan verən digər amillər arasında ətraf mühitin yüksək rütubəti, küləksiz hava, mayenin az qəbulu, günəş altında həddindən artıq fiziki fəaliyyət və s. qeyd etmək olar. Bol və yüksək kalorili qida məhsulları, piylənmə və ya artıq çəki (həddindən artıq dərialtı piyin olması istinin xarici mühitə ötürülməsini çətinləşdirir) də bədən isinməsinin inkişafına səbəb olan amillərdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti