...

"Röyalbank"ın ata-oğul rəhbərlərinə 21 il həbs cəzası verildi (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 31 Mart 2022 17:37 (UTC +04:00)
"Röyalbank"ın ata-oğul rəhbərlərinə 21 il həbs cəzası verildi (ƏLAVƏ OLUNUB)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş “Royalbank” ASC-nin Müşahidə şurasının sədri Əli Cam və onun oğlu, bankın kredit departamentinin direktoru, İdarə heyətinin sədr müavini və baş direktor vəzifələrində işləmiş Fuad Camın işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Fuad Camın vəkili dövlət ittihamçısının çıxışına etiraz edib. Bildirib ki, prokuror müdafiə etdiyi şəxsin 14 il azadlıqdan məhrum edilməsini istəyib.

"Biz buna etiraz edirik. Məhkəmədə 101 cildlik cinayət işində kifayət qədər Fuad Camın xeyirinə faktlar olsa da, ittiham tərəfi bunları nəzərə almayıb. Bankın rəhbər şəxslərin hamısı cinayətdə Fuadın adını çəkməyib. Hamısı bildirib ki, bu işdə Fuadın əli yoxdur. Amma ittiham tərəfi bunları nəzərə almayıb. Dövlət ittihamçısı bütün ittiham olunan maddələrdə Fuada ən ağır cəza istəyib. Niyə? İttiham tərəf niyə belə qərəz nümayiş etdirir? Məhkəmədə dindirilən şahidlər heç biri demədi ki, Fuada pul veriblər. Məhkəmədən xahiş edirəm bu hallar nəzərə alınsın. Fuad Cama hökm oxunarkən xahiş edirəm yüngülləşdirici hallar nəzərə alınsın", - deyə vəkil bildirib.

Vəkil qeyd edib ki, cinayət işində Fuad Camın bir dənə sənəddə imzası yoxdur: "Cinayət Əli Camındırsa, oğul niyə ağır cəzaya məhkum olunmalıdır. Axı, onun ittiham edilən sənədlərin heç birində imzası yoxdur. Bu köçürmələri Əli Can edibsə, Fuad Cam niyə cəzalandırılır? İttihamda kənd təsərrüfatı kreditləri adı ilə 4 milyon manata yaxın pul mənimsənilməsi var. Bu prosesdə Fuad Canın hesabına 1 milyon 200 min manat köçürülüb və çıxarılıb. İttiham aktında da göstərilir ki, bu proses Əli Camın göstərişi ilə köçürülüb və çıxarılıb. Burada Fuadın nə günahı var? Axı, bu pulu Fuad köçürməyib. Əl Cam köçürüb də, çıxarıb da. Fuad Camın bu işdə nə günahı var? İttiham aktında yazılıb ki, Fuad bu işdə atası ilə əlbir olub. Bu əlbirlik harada olub? İstəyirlər ki, Fuad, cavan uşaq türmədə yatsın? Ona görə də xahiş edirəm Fuad barədə ədalətli qərar verəsiniz".

Prosesdə Əli Cam son söz deyib. O bildirib ki, onun prosesdə heç bir günahı yoxdur və bəraət istəyib.

"2003-2006-cı illərdə bank əməkdaşları 12 nəfərdən 600 nəfərə çatdırılıb. 2008-ci ildə "Röyalbank"ın kapitalı 10 milyon, 2010-da 22 milyon olub. Bütün dünyada böhran olsa da, mən bankın kapitalının düşməsinə imkan verməmişəm. Mən xaricdə mülkümü satıb Bakıya gətirmişəm. İstəməsəydim, etməzdim. Xahiş edirəm, mən və oğluma bəraət verin", - təqsirləndirilən şəxs bildirib.

Prosesdə son söz deyən Fuad Cam da məhkəmədən bəraət istəyib.

Məhkəmə hökm oxumaq üçün müşavirəyə yollanıb.

Müşavirədən sonra təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Əli Cam 3 il vəzifə tutmaq qadağan edilməklə 8 il, oğlu Fuad Cam isə 2 il rəhbər vəzifə tutmaq qadağan edilməklə 13 il azadlıqdan məhrum edilib.

İttihama görə, ləğv edilmiş “Royalbank” ASC-nin Müşahidə şurasının sədri Əli Cam və onun oğlu, bankın kredit departamentinin direktoru, İdarə heyətinin sədr müavini və baş direktor vəzifələrində işləmiş Fuad Cam tərəfindən vətəndaşların adlarına saxta kredit müqavilələri rəsmiləşdirilməklə pul vəsaitlərinin talanması və digər xüsusatlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaqla Əli Cam və Fuad Camın qabaqcadan əlbir olaraq öz qulluq mövqeyindən istifadə edərək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən kənd təsərrüfatı kreditlərinin verilməsi üçün “Royalbank” ASC-nin hesabına köçürülmüş pul vəsaitlərini 2007-2012-ci illər ərzində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə 31 müxtəlif hüquqi və fiziki şəxslərin adına sənədləşdirməklə krediti həmin şəxslərə verməyərək onlara etibar edilmiş 8.5 milyon manat məbləğində pul vəsaitlərini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Əli və Fuad Camın qanunsuz rəsmiləşdirdikləri iri məbləğli kreditlər üzrə ümumilikdə 7.3 milyon manat məbləğində pul vəsaitini Hindistan, Fransa və digər ölkələr olmaqla, cəmi 19 ölkədə yerləşən bank hesablarına və şirkətlərə köçürüb həqiqi mənbəyini gizlətməklə leqallaşdırmalarına şübhələr üçün əsaslar müəyyən edilib.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Fuad Cam 24 iyun 2019-cu ildə Azərbaycan ərazisinə qayıdarkən tutulmuş, Əli Cam isə 6 iyul 2019-cu il tarixdə ölkəmizə ekstradisiya olunub. Həmin şəxslərə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti