...

Maqsud Mahmudovun məhkəmə istintaqı başa çatdı (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 20 Aprel 2022 16:19 (UTC +04:00)
Maqsud Mahmudovun məhkəmə istintaqı başa çatdı (ƏLAVƏ OLUNUB)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Mahir Əliyev bildirib ki, İnqlab küçəsində Maqsud ona obyekt satıb.

"Obyektin aylıq icarəsinə ayda 8 min manat istəyirdi. Maqsudun adamları qiymət dedi. Obyekti 310 min dollara satdı. Aslan Qəhrəmanov dedi ki, obyekt mənimdir, Maqsud satır. 3 ay sonra dedilər ki, bizi məhkəməyə verib obyekti geri qaytarmaq istəyir. Mən də Maqsuddan pulumu tələb elədim. Bizə and içdi ki, pulu verəcək. Sonra pulu vermədi, obyekt də qaldı özümüzə. Yoldaşı bizi obyektə görə məhkəməyə verdi", - deyə şahid bildirib.

Prosesdə ifadə verən Mübariz Məmmədov isə deyib ki, o, Maqsud Mahmudovun lombardında sürücü işləyib: "Mən qızılları işçilərlə birlikdə gedib bankdan götürüb gəlirdim. Maqsud dəfələrlə mənə qızıl verib, aparıb Rasim Əlibəyliyə vermişəm. Rasim dəfələrlə lombarda gəlirdi".

Digər şahid İlham Hüseynov bildirib ki, o, zərgər işləyib: "Həmişə gəlib bizdən qızıl götürürdü, pul verirdi. Axır vaxtlar gəlmədi, dedilər müflis olub. "Həyat ağacı" və vaza suvenirlərini Maqsud gətirib bizə girov qoydu. O qaçandan sonra ayrı-ayrı şəxslər gəldi ki, mallar bizimdir. Pul ödənilmədiyi üçün biz malları vermədik. 2019-cu ilin may ayından sonra Maqsud bizə bir manat da faiz ödəmədi. 2 il də gözlədik ki, pul ödəsin, sonra Mədinə xanım gəlib pulu ödədi".

Məhkəmədə ifadə verən Mədinə İsrafilova isə bildirib ki, bu günə qədər də Maqsudun yerinə pul ödəyir: "Mən hələ də onun əvəzinə pul ödəyirəm. Hazırda adıma bankda 70 min manat kredit qalıb. Maqsud mənim şəklimi icra başçısı ilə birlikdə paylaşıb şantaj edirdi. Mənimlə bağlı şantaj videoları hazırlayıb hədələyirdi".

Vəkil Maqsud Mahmudovun girovluqda olan qızıl-zinət əşyalarının qiymətləndirilməsi ilə bağlı ekspertizanın keçirilməsi üçün vəsatət qaldırıb. Hakim vəsatəti rədd edib və məhkəmə istintaqı başa çatıb.

Sonda Maqsud Mahmudov zərərçəkmişlərə müraciət edib: "Gəlin, belə danışaq. Məni təhqir etməyin. Mənim sizə verəcək pulum yoxdur. Gəlin, sizə nə verirlər, götürün, əmlakımı bölüşün. Mənə onsuz da iş verəcəklər, sizin də əliniz hər şeydən çıxacaq. Gəlin, öz aranızda razılığa gəlin, mənim əmlakımı bölüşün. Mən də gedim cəzamı çəkim".

Proses aprelin 25-də davam etdiriləcək.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti