Bakı. Trend:
Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan Nazirliyin baş idarə və idarə rəisləri, həmçinin Azərbaycan Ordusunun Baş Qərargahının məsul vəzifəli zabitlərindən ibarət komissiyanın növbəti toplantısı keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantıda Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü həyata keçirilib.
Ali Baş Komandanın müvafiq sərəncamına əsasən “2022-ci ilin iyul ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına” uyğun olaraq çağırışçıların bölgü prosesi elektron qaydada xüsusi kompüter proqramı vasitəsilə tam şəffaf şəkildə icra olunur.
Çağırışçıların hərbi hissələr üzrə bölgü prosesində onların ixtisasları, əks-ərazi prinsipi nəzərə alınır, yüksək fiziki hazırlığa malik olanların Xüsusi Təyinatlı Qüvvələrə və ya Komando hərbi hissələrinə göndərilməsinə üstünlük verilir. Eyni zamanda ailənin tək övladı olan gənclərin xidmətini davam etdirmək üçün ehtiyat bölmələrinə yerləşdirilməsi barədə müvafiq tapşırıq verilib.
Bölgü prosesinə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələri də cəlb olunub.