Bakı. Trend:
Avqustun 10-da Baş prokuror Kamran Əliyev Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.
Qonağı salamlayan Baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.
Kamran Əliyev ölkəmizdə diplomatik missiyasını başa vuran səfir
Ceyms Şarpa səmərəli fəaliyyətinə, ölkə Prezidenti, Müzəffər Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən
müharibəsi dövründə Baş Prokurorluq tərəfindən təşkil edilmiş
mətbuat konfransları və brifinqlərdə iştirak etdiyinə və
ölkələrimizin hüquq mühafizə orqanları arasında konstruktiv
əməkdaşlıq əlaqələrinin qurulmasında səylərinə görə təşəkkürünü
bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir ikitərəfli
münasibətlərə toxunaraq Birləşmiş Krallığın Azərbaycanla əlaqələrə
böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və
müvəffəqiyyətlə inkişaf etdiyini qeyd edib. Səfir prokurorluq
orqanlarında aparılan köklü islahatları insan haqlarının qorunması
və qanunun aliliyinin təmin olunması prizmasından yüksək
qiymətləndirib.
Daha sonra avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinin inzibati binasına radikal dini qruplaşma tərəfindən hücum edilməsi faktı ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən başlanmış cinayət işinin istintaqının Birləşmiş Krallığın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılmasının vacibliyi qeyd olunub.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub.