Bakı. Trend:
Quru Qoşunlarının 2022-ci tədris ilinə hazırlıq planına əsasən hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışa start verilməmişdən öncə hərbi qulluqçular
təlimatlandırılıb. Qeyd olunub ki, birinciliyin keçirilməsində əsas
məqsəd hərbi qulluqçuların dözümlülüyünü artırmaq, onların kompas
və xəritədən istifadə etmə bacarıqlarını təkmilləşdirməkdir.
Yarışlarda 7 komandanın 38 hərbi qulluqçusu mübarizə aparıb.
İştirakçılar təyin olunan məsafəyə qaçış edərək xəritə üzərində
göstərilən hədəflərin aşkarlanması tapşırıqlarını yerinə
yetiriblər. Yarışın qaydalarına əsasən kişi hərbi qulluqçular 4 km
məsafədə 10 nəzarət nöqtəsini, qadın hərbi qulluqçular isə 3 km
məsafədə 8 nəzarət nöqtəsini müəyyənləşdiriblər.
Quru Qoşunlarının və Azərbaycan Respublikası Səmti Müəyyənetmə
İdman Federasiyasının hakimlər komissiyasının üzvləri yarışın yekun
nəticələrinə əsasən qalibləri müəyyən edib.
Qaliblər fəxri fərman, kubok və medallarla
mükafatlandırılıblar.