...

Tikdiyiniz binadan mənə 8 mənzil verməsəniz, cəhənnəmə düşəcəksiniz - "12-ci imam"ın məhkəməsində

Gündəm Materials 27 Sentyabr 2022 19:19 (UTC +04:00)
Tikdiyiniz binadan mənə 8 mənzil verməsəniz, cəhənnəmə düşəcəksiniz - "12-ci imam"ın məhkəməsində
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü "12-ci İmam" kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkillərinin suallarını cavablandıran zərərçəkmiş Samir Cəfərov bildirib ki, Aqil Babayevin göstərişi ilə zəkat pullarını yığıb: "Aqil Babayev dedi ki, istintaqda zəkat pulunun adını çəkmə, dəymiş ziyanı qaytaracam. Sonradan Aqil Babayevin adamı mənimlə görüşdü. O, mənə zəkat pulu ilə bağlı danışmamağımı yox, ümumiyyətlə, şikayətdən imtina etməyimi dedi. Mən də ifadəmi dəyişmədim".

Zərərçəkmiş sözlərinə görə, Aqil Babayev onların tikdiryi binadan 8 mənzil götürüb: "Həmin mənzillərin ümumi qiyməti 440 min manat olub. Amma mənzillərə görə 210 min manat verdi. Qalan pulu vermədi. Biz ondan çəkinirdik, mənzillərin adını tuta bilmirdik. İxtiyarım çatmırdı ki, ondan verməli olduğu pulu soruşum. İndi burada pulumu tələb edirəm".

Zərərçəkmiş deyib ki, Aqil Babayevin tapşırığı ilə zəkat pullarının yığılması ona tapşırılıb: "Pulları yığdım, siyahı ilə birlikdə Aqil Babayevə təhvil verdim. Zəkat pulları ilə bağlı həmişə Aqil Babayevə hesabat verirdik. Sonradan zəkat pullarından qadınlara paylanması məsələsi ortaya çıxdı. Aqil Babayevin tapşırığı ilə Tahirə adlı qadına hər dəfə 700 manat verirdik, o da qadınlara paylayırdı. Amma kimə çatırdı, bunu mən bilmirdim. Həmin Tahirə adlı qadına verilən pullar sabit deyildi. Arada 900 manat da verirdik. Bu tapşırıqlar da Aqil Babayevdən gəlib. Onu "12-ci İmam Mehdi" kimi tanıyırdıq. Onun qarşısında biz heç nə danışmırdıq".

Təqsirləndirilən Aqil Babayev deyib ki, Emil Həsənovu 2001-ci ildə tanıyıb. Onun sözlərinə görə, 2014-cü ildə Emil Həsənova 240 min dollar borc verib: "Aramızda etibar olub, ona görə də pul verəndə heç nə soruşmamışam. Əvvəlcə onun nə iş görəcəyini bilməmişəm. Mənzil məsələsi sonradan ortaya çıxdı. Mənzillər satılandan sonra mənim pulumu qaytaracaqdılar. Emil mənə sonradan pul yox, mənzil vedi. Mənə verilən mənzillərin satılması üçün "makler" Layiq Şəxəliyevə etibarnamə verdim. O da mənzillərin satışı ilə məşğul olub".

Digər zərərçəkmiş Emil Həsənov deyib ki, Aqil Babayev ona ziyan vurub. Onun sözlərinə görə, Aqil Babayevi "12-ci İmam" kimi tanıyıb. Zərərçəkmiş deyib ki, 2014-cü ildən 2021-ci ilə kimi Aqil Babayevə zəkat pulu verib.

Emil Həsənov deyib ki, hər iş görəndə Aqil Babayevdən xeyir-dua alıb: "Bina tikməyə başlayanda da Aqil Babayevin yanına getdik, ondan xeyir-dua istədik. Bu zaman bildirdi ki, binanın 1 və 2-ci mərtəbələrdə olan 8 mənzili mənə verməlisiniz. Dedi ki, verməsəniz, cəhənnəmə gedəcəksiniz. Hər işimizi ona deyirdik. Uşağımıza ad qoyanda da, rayona gedəndə də məsləhət alırdıq, xeyr-duasını istəyirdik. Hər nə deyirdi, yerinə yetirirdik. Onun sözünün qabağında heç kim danışmırdı. Onun cavabını qaytaranda isə deyirdi ki, səni cəhənnəmə göndərərəm, onda başa düşərsən".

Növbəti proses oktyabrın 11-də davam edəcək.

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti