Bakı. Trend:
Erməni silahlı qüvvələrinin azərbaycanlı hərbçilərə və mülki
şəxslərə qarşı terroru bu gün də mina insidentləri ilə davam
edir.
Trend-in məlumatına görə, bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov deyib.
O bildirib ki, 1991-2022 tarixləri arasında Azərbaycanda mina qurbanlarının ümumi sayı 3336 nəfər təşkil edib.
"Onlardan: kasetli sursatların partlaması nəticəsində həlak olan və xəsarət alanlar- 131 nəfər, uşaq və azyaşlı -357 nəfər, qadınlar – 38 nəfərdir.
-2020-ci ilin noyabr - 2022-ci ilin 06 oktyabr tarixləri
arasında, mina partlayışları nəticəsində 44 nəfər həlak olub, 213
nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və ya zərərçəkib. Bu
dövr ərzində həlak olan və zərərçəkənlərin cəmi sayı 257 nəfər
təşkil edib (onlardan: 9-u uşaq, 1-i qadın, 3 nəfər isə media
nümayəndəsidir). Bu şəxslərin 147 nəfəri keçmiş təmas xəttindən
kənarda baş vermiş mina insidentlərinin qurbanları olub".
İ. Səfərov qeyd edib ki, 10 noyabr 2020-ci il – 04 oktyabr 2022-ci
il tarixlərini əhatə edən dövr ərzində aparılan minatəmizləmə
əməliyyatları zamanı 549 239 577 kv.m (54 924 ha) təhlükəli ərazi
təmizlənmiş, - 25 781 piyada əleyhinə mina (PƏ), - 12 561 tank
əleyhinə mina (TƏ), - 33 736 partlamamış hərbi sursat (PHS)
aşkarlanıb.
Artilleriya atəşinə məruz qalmış iri şəhərlərdə və digər yaşayış məntəqələrində (12 500 ha ərazidə) beynəlxalq hüquq normaları ilə qadağan edilmiş 722 ədəd kasetli və 67 ədəd müxtəlif təyinatlı ağ fosforlu sursat aşkar edilərək zərərsizləşdirilib.
Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 72 078 mina və digər partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilmişdir.
Ermənistan ilk vaxtlarda formulyarların mövcudluğunu inkar etsə də, daha sonra bəzi mina formulyarları Azərbaycan tərəfinə təqdim etmişdir.
- 2021-ci ilin iyun-dekabr tarixləri arasında Ermənistan tərəfindən 919 mina formulyarı təqdim olunmuşdu. Qeyd olunan formulyarların dəqiqliyinin çox aşağı səviyyədə (təqribən 25 %) olması müəyyən edilib.
- Keçmiş təmas xətti boyunca bəzi ərazilərin isə (71 km) mina xəritələri ilə bağlı məlumatlar ümumiyyətlə təqdim edilməyib.
Sadaladıqlarım yalnız kütləvilik ehtiva edən, cəzasız qalan hərbi cinayətlərdir.