...

Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icrası həvalə olunan Adil Kərimli kimdir? - Dosye

Gündəm Materials 22 Dekabr 2022 12:58 (UTC +04:00)
Mədəniyyət naziri vəzifəsinin müvəqqəti icrası həvalə olunan Adil Kərimli kimdir? - Dosye

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Adil Kərimlinin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da Adil Kərimliyə həvalə edilib.

Trend Adil Kərimlinin dosyesini təqdim edir:

Adil Kərimli bu təyinata qədər Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışıb. 2012-ci ildən bu vəzifədə çalışan Adil Kərimli “Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik edib, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.

Həmçinin, Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələri, Fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə İşçu Qrupunun üzvu olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb. “Eurovision” mahnı müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri olub, 2012-ci ildə Bakının bu mahnı müsabiqəsinə ev sahibliyi etdiyi zaman isə müsabiqəyə hazırlıq üzrə İşçi qrupunun rəhbəri kimi çalışıb. Həmin dövrdə Avropa Yayımları Birliyinin hüquq və ictimai işlər komitəsinin üzvü olub.

1979-cu il təvəllüdlüdür, 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 2001-ci ildə isə magistr elmi dərəcəsində bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti