Bakı. Trend:
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə olublar.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə
birliyin idarə heyəti ilə görüşən Baş Qərargah rəisi müdafiə naziri
general-polkovnik Zakir Həsənovun tapşırıqlarını aidiyyəti üzrə
şəxsi heyətə çatdırıb. Şəxsi heyətin peşəkarlığı və qoşunların
döyüş hazırlığına xüsusi diqqət yetirilməsi, təlimlərin, o cümlədən
səhra məşğələlərinin intensivliyinin artırılması barədə tapşırıqlar
verib.
Sonra döyüş mövqelərində növbətçilik aparan heyətlə görüşən
general-polkovnik K.Vəliyev onun döyüş və mənəvi-psixoloji
hazırlığını yüksək qiymətləndirib.
Daha sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi bir neçə hərbi hissələri, o cümlədən Komando hərbi hissəsini ziyarət edib, həmçinin Şuşada xidmət edən hərbi qulluqçularla görüşüb.
General-polkovnik K.Vəliyev hərbi hissələrdə şəxsi heyət üçün
yaradılan şəraitlə tanış olub, döyüş qabiliyyətinin daha da
artırılması və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə
saxlanılması barədə tapşırıqlar verib.
Şəxsi heyətlə görüşlərdə Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin
rəhbərliyi altında Orduda aparılan islahatlar çərçivəsində əldə
olunmuş nailiyyətlərdən danışan Baş Qərargah rəisi həyata keçirilən
tədbirlər nəticəsində Azərbaycan Ordusunun əməliyyat və döyüş
imkanlarının xeyli artdığını qeyd edib.
Müdafiə nazirinin birinci müavini şəxsi heyətin taktiki-xüsusi hazırlığının və peşəkarlıq səviyyəsinin daim yüksək səviyyədə saxlanılması məqsədilə keçirilən təlim və məşqlərin keyfiyyətinin daha da artırılması, həmçinin qazanılan döyüş təcrübəsinin növbəti ildə keçiriləcək təlimlərdə də geniş tətbiq edilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Şəxsi heyətlə birlikdə nahar etdikdən sonra Baş Qərargah rəisi hərbi qulluqçuların qayğıları ilə maraqlanıb və Müdafiə Nazirliyinin rəhbərliyi adından onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.