Bakı. Trend:
Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik keçirib.
Trend xəbər verir ki, “Gülüstan” sarayında təşkil edilən bayram şənliyinə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud olan uşaqlar və şəhid övladları dəvət alıblar.
Həmişə olduğu kimi, bu dəfə də uşaqlar şənliyin keçirildiyi saraya onlar üçün ayrılmış avtobuslarla gəliblər.
Yeni il bayramı əhval-ruhiyyəsində bəzədilən sarayda balacaları nağıl qəhrəmanları qarşılayıblar. Face Art vasitəsilə uşaqlar özləri də istənilən möcüzə qəhrəmanını canlandırmaq imkanı qazanıb.
Bayram şənliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uşaqlara qayğısından, müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən video çarxın nümayişi ilə başlayıb.
Daha sonra “Şəngülüm, Şüngülüm, Məngülüm Yeni il şənliyini necə hazırladılar” tamaşası təqdim edilib. Teatrlaşdırılmış səhnəcik dostluq, xeyirxahlıq, qarşılıqlı kömək və xeyirin şərə qalib gəlməsi üzərində qurulub.
Bər-bəzəkli zalda rəqslərə qoşulan, mahnılar ifa edən uşaqlar bayramı tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının əhatəsində qeyd ediblər.
Musiqili-əyləncəli proqram müxtəlif uşaq kollektivlərinin və Azərbaycan incəsənət ustalarının iştirakı ilə hazırlanıb.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud olan uşaqların, şəhid övladlarının problemlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu uşaqları hər zaman qayğı ilə əhatə edir.
İki saata yaxın davam edən əyləncəli proqramın sonunda uşaqlara Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri verilib.