Ağdam. Trend:
Son günlər ölkə ərazisində havaların yağıntılı keçməsi nəticəsində Qarabağdan gələn çaylarda da suyun səviyyəsi artıb. Ağdam ərazisindən keçən Xaçınçay və Qarqarçaya sel gəlib. Bunun görə də Ağdamın hazırda yaşayış olan məntəqələrində sel sularının törədə biləcəyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Trend-in yerli bürosu xəbər verir ki, Xaçın çayın Ağdam ərazisindən keçən hissəsinə su Xaçınçay su anbarından gəlir. Tutumu 23 milyon kub metr olan anbar hazırda tam dolub. Qəza sutullayıcısından çıxan su isə Ağdamın yaşayış məntəqələrindən keçərək Kür çayına axır. İki gündür gələn güclü selin Qərvənd və yaxın yaşayış məntəqələrinə ziyan vurmaması üçün Ağdam Mexaniki Suvarma İdarəsinin texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub.
Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə Trend-ə açıqlamasında bildirib ki, heç bir çətinlik yoxdur, iş normalara uyğun aparılır.
"Hazırda Qarqar çayında 30-35 kub su var.Xaçın çayında isə 40-45 kub su var. Sel suları maneəsiz keçir gedir. Heç bir torpaqlara, fermerlərə fəsad verməmişdir. Qərvənd kəndində 28, qarqar çayında isə 41 ədəd artezian quyusu dayandırılmışdır ki, dayandırılmış subartezian quyularını vasitəsi idarəmiz elektrik enerjisinə qənaət etməklə suvarma mövsümünü səmərəli yola verəcəyik.
Çaya gələn seldən fermerlər səmərəli istifadə edirlər. Su əkin sahələrinə yönləndirilib. Ərazidə elektriklə işləyən subartezian quyuları fəaliyyətinin dayandırıb. Sakinlər dağlardan gələn minerallarla zəngin çay suyundan səmərəli istifadə edirlər", - deyə o əlavə edib.
Ağdam Elektrik şəbəkəsinin rəisi İbrahim Məmmədov isə bildirib ki, 2200 abonentə elektrik enerjisi verilib, fasilə qısa müddət çəkib.
"Təzəkənd yarımstansiyasından çıxan bu xəttimiz bərpa olunur. Xəttə uzun olduğu üçün dartıb xətləri dəzədələmişdir. Hazırda bərpası ilə əlaqədar işlər gedir. Texnikalar işləyir, dayağın ətrafın sudan azad edləndən sonra dayağı çıxardıb yeni dayaqla əvəz edəcəyik. Çaydan qıraqda dayaq əkilib enerji veriləcək", - deyə o, əlavə edib.
Növbəti günlərdə də çaya suyun çox gələ biləcəyini nəzərə alaraq idarə tərəfindən texnikalar ərazidə saxlanılır.