...

Mədəniyyət sahəsində aparılan islahatlar kimlərdəsə qıcıq yaradır - Anar Yusifoğlu

Gündəm Materials 24 Avqust 2023 15:16 (UTC +04:00)
Mədəniyyət sahəsində aparılan islahatlar kimlərdəsə qıcıq yaradır - Anar Yusifoğlu

Bakı. Trend:

Mədəniyyət ən mürəkkəb sahədir, hətta siyasətdən də. Siyasətdə tərəflər bir qayda olaraq, bəlli olur. Müttəfiqin də, rəqibin də... Amma mədəniyyət və incəsənət sahəsində “müttəfiq”, “rəqib”, “dost”, “düşmən” anlayışlarının arasındakı sərhəd o qədər incədir ki, iynə də keçməz. Siyasi kuluarlar mədəniyyət kuluarlarının yanında toya getməlidir. Kombinasiyalar mürəkkəb deyil, şübhəsiz. Amma yorucudur, bezdiricidir. Siyasətdə maraqların “şahmat taxtası” üzərindəki fiqurlarının bir adı, bir missiyası, bir sifəti varsa, mədəniyyət haqqında bunu demək bir az çətindir. Situasiyaya uyğun “piyada” “vəzir”, “at” “fil” ola bilər. Başqa sözlə, mədəniyyətin “şahmat taxtasında” “ikisi birində”, yəni “fil xortumlu at”la, yaxud “taclı vəzirlə” də qarşılaşmaq mümkündür. Ən maraqlısı, bu qarmaqarışıqlıq sözügedən sektorda uzun illərdən bəri dəyişikliklərin qarşısında “kötüyə” çevrilənlərin ürəyincədir.

Yaradıcı adamları qanunların bəlli ölçülərinə, standartlarına uyğunlaşdırmaq çox çətindir. Ola bilsin. Amma nəzərə almaq lazımdır ki, yaradıcı adam, məsələn, ən kiçik teatra rəhbərlik etməyə başladığı andan “yaradıcı adam” obrazı üzərindən bütün manipulyasiya və bəhanələrini arxa plana keçirməlidir. Rəhbər şəxs ilk növbədə inzibatçıdır, menecerdir. İstəmirsə, olmasın! Yox, yaradıcı şəxs hansısa bir təsisatın rəhbəri olmağı arzulayırsa, o zaman sovetdənqalma, yaxud qismən modernləşdirilmiş “yaradıcı adam” bəhanəsini qatlayıb “döş cibinə” qoymalı, hüquqi dövlətdə hər şeyin hüquq çərçivəsində, vəzifələr və məsuliyyətlər müstəvisində reallaşdırıldığını başa düşməlidir.

Bir az uzaqdan gəldim, amma Mədəniyyət Nazirliyi ilə bağlı son günlər ortaya atılan hikkəli iddia və suçlamaların haradan qaynaqlandığını müəyyənləşdirmək üçün başqa səbəb də yoxdur. Hücumların səbəbi isə klassikdir: “Köhnələr” əvvəlki kimi xaosun, özbaşınalığın içərisindən boy göstərmək, “ortada yeyib qıraqda gəzmək”, ortaya heç bir iş qoymadan gün keçirmək, yenilər isə bu mənzərəni kökündən dəyişmək, bütün münasibətləri hüquqi çərçivəyə salmaq, adı rüşvətdə hallanan bu mühüm təsisatın nəinki adını, hətta mahiyyətini belə təmizə çıxarmaq istəyirlər. Zaman da sübuta yetirdi ki, bu sahədə kosmetik dəyişikliklər aparmaqla nəticə əldə etmək mümkün deyil. Peşəkar standartlar müəyyənləşməli və hər şey – yaradıcılıqdan inzibati fəaliyyətə qədər – ölçülə bilən olmalıdır. Son 4-5 ayda bu istiqamətdə uğurlu iş aparılır.

Prosesləri kənardan müşahidə edən və informasiyalı bir vətəndaş kimi mədəniyyət sahəsində aparılan və yaxud aparılması nəzərdə tutulan islahatların fundamental xarakter daşıdığını düşünürəm. Fundamental dəyişikliklər isə prosesə bünövrədən, təməldən yanaşılmasını tələb edir. Nə yaxşı ki, mədəniyyət naziri Adil Kərimli uzun illərdən bəri sahəni real inkişafdan saxlayan problemlərin köklü həllinə - yaradıcı və işgüzar atmosferin dedi-qodu və şayiə mexanizmlərindən təmizlənməsinə, peşəkarların önə çıxarılmasına, ən əsası isə şəffaflığın təminatına çalışır.

Nazirin və nazirliyin hədəfi Azərbaycan mədəniyyətini təkcə dünyaya deyil, hətta bizim özümüzə də yüksək zövq və peşəkarlıqla təqdim etməkdən ibarətdir. Bu proses isə ciddi araşdırmalar, sektordakı problemlərin ən incə detallarına kimi təhlilini tələb edir. Mədəniyyət Nazirliyi milli mədəniyyətimizi dünyaya və gələcəyə daşımaq üçün elmi araşdırmalar, ciddi təhlillər əsasında müəyyənləşdirilən “yol xəritəsi” üzərindən hərəkət edir.

Amma mədəniyyət sahəsində aparılan islahatlar kimlərdəsə qıcıq yaradır. Şəffaf idarəetmə, peşəkar yanaşma heç də həmişə arzuolunan olmur. Ona görə də bu sahə xaricdəki və daxildəki “arzuolunmazların” diqqət mərkəzindədir. Mədəniyyətdə məğlubiyyət müharibədəkindən daha faciəlidir. O baxımdan, mədəniyyətimiz hədəf seçilib. Amma yaxşı və nümunəvi məmur obrazı bu hədəfi çox asanlıqla dəf edir.

Cəmiyyətin hər bir üzvü mədəniyyət sahəsinin inkişafında maraqlı olmalıdır. Nazirə və nazirliyə ictimai dəstək isə yaradıcı sənayenin inkişafına işıq salacaq. O işığı görmək istəmirik?

P.S. Mədəniyyət naziri Adil Kərimli 11 ildir bir-birini görməyə gözü olmayan Xalq artistləri - Rasim Balayevlə Şəfiqə Məmmədovanı barışdırıb (ikiyə bölünmüş Kinematoqrafçılar İttifaqının birləşməsinə nail olub), müstəqil fikirləri ilə tanınan Akif İslamzadəylə görüşüb. Olmaya nazirliyə hücumun kökündə bu amil də dayanır?

Anar Yusifoğlu
İctimai televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktoru

Məqalədə:
Xəbər lenti

Xəbər lenti