Bakı. Trend:
Azərbaycanın iki hərbçisi Ermənistan tərəfindən əsir götürülmüşdü. Onların geri qaytarılması təmin ediləcək.
Trend xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Baş prokuror Azərbaycanın Qarabağ bölgəsində saxlanılan separatçılarla bağlı məsələdən də danışıb:
"Onlarla bağlı Baş Prokurorluqda vahid istintaq qrupu yaradılıb. Bütün istintaq hərəkətləri həyata keçirilir. Azərbaycan xalqı bu istintaqın gedişatı ilə bağlı tam məlumatlı olacaq. Biz bunu təmin edəcəyik. Beynəlxalq konvensiyalara və Azərbaycan milli qanunvericiliyinə uyğun olaraq istintaq aparılır. İşin istintaqı başa çatandan sonra iş məhkəməyə göndəriləcək".
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb.
Açıqlamada qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.
Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.