...

135 ölkədə yüzminlərlə kompüteri yoluxduran kiberqruplaşma ifşa edildi

Gündəm Materials 5 Dekabr 2024 20:27 (UTC +04:00)
135 ölkədə yüzminlərlə kompüteri yoluxduran kiberqruplaşma ifşa edildi
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (Xidmət) daxil olan kiber insidentin araşdırılması zamanı 135 ölkədə faəliyyəti olan kiberqruplaşmanın izinə düşmüşdür.

Trend xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Belə ki, zərərverici proqramın analizi və tərsinə mühəndisliyi yolu ilə araşdırılması nəticəsində əldə edilmiş məlumatlara əsasən əks-kiberkəşfiyyat tədbirləri tətbiq edilməklə zərərvericinin mərkəzi idarəetmə serveri ələ keçirilib.

Əldə edilmiş məlumatların təhlili nəticəsində kiberqruplaşmanın ümumilikdə 135 ölkədə 270741 kompüteri yoluxdurduğu aşkar edilmişdir. Sözügedən hədəflərin 7790-ı Azərbaycan Respublikasına məxsus kompüterlər olub.

Ölkə üzrə qeydə alınan yoluxanların 35-i müxtəlif dövlət qurumlarına məxsus mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmamış kompüterlər olmuşdur. İnformasiya təhlükəsizliyinin təmini məqdəsilə Xidmət tərəfindən dövlət qurumlarında müvafiq təhlükəsizlik tədbirlərini həyata keçirməklə yanaşı, sözügedən zərərvericiyə aid indikatorların ölkə üzrə bloklanması təmin edilib.

Bununla yanaşı, Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi sözügedən yoluxdurulan kompüterlər barədə əməkdaşlıq etdiyi CERT mərkəzlərinə məlumat verərək bir çox ölkələrdə kiberqruplaşmanın fəaliyyətinin zərərsizləşdirməsinə nail olub.

Xidmətin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi informasiya təhlükəsizliyinin təminatı üçün dövlət qurumlarına mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağı, vətəndaşlara isə fərdi qaydada antiviruslardan istifadə etməyi tövsiyə edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti