Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Rusiya və Ukraynanın 30 gün ərzində enerji infrastrukturu obyektlərinə hücumlardan çəkinməsi ilə bağlı bəyanatlarını, həmçinin Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsinə dair danışıqları alqışlayıb.
Trend-in məlumatına görə, bu barədə baş katibin mətbuat katibinin müavini Fərhan Haq açıqlama verib.
"BMT-nin baş katibi ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin enerji infrastrukturu münasibətində atəşkəs elan edilməsini və Qara dənizdə naviqasiyanın təhlükəsizliyinə dair təşəbbüsün həyata keçirilməsinə dair danışıqlara başlanmasını alqışlayır. O, həmçinin prezident Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında enerji sektorunda qismən atəşkəs haqqında razılaşmanı və texniki qrupların atəşkəsin Qara dənizə qədər genişləndirilməsini müzakirə edəcəklərini yüksək qiymətləndirib. Bu addımlar müharibənin gərginliyini azaltmaq məqsədi ilə bütün maraqlı tərəflər arasında gələcək danışıqları asanlaşdıra biləcək mühüm etimad quruculuğu tədbirlərini əks etdirir", - deyə o bildirib.