Bakı. Trend:
Türkiyə və Azərbaycanın əməkdaşlığının, dostluq və qardaşlığının daha da yüksəldilməsi vacibdir.
Trend xəbər verir ki, bunu Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktor müavini, “Baku Network” Araşdırma Mərkəzinin sədr müavini Sahil Kərimli Ankarada baş tutan “Qafqaz və Orta Dəhlizin Gələcəyi: İqtisadiyyat, Nəqliyyat və Enerji” mövzusundakı paneldə deyib.
S.Kərimli bildirib ki, bölgədə təhlükəsizlik, rifah və sülh naminə yalnız Türkiyə və Azərbaycan səylər göstərir:
“Regionda normallaşma prosesi, o cümlədən Ermənistanla olan problemin həlli istiqamətində biz Türkiyənin dəstəyinə və qardaşlığına güvənirik. Cənubi Qafqazda normallaşma, xüsusilə Ermənistan və Azərbaycan arasında sülh və qarşılıqlı anlaşmanın təmin olunması deməkdir. Bu proseslər həm regional təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından böyük əhəmiyyət kəsb edir. Türkiyə-Azərbaycan strateji əməkdaşlığı regional siyasətdə mühüm yer tutur. Hər iki ölkənin siyasi münasibətləri, iqtisadi və mədəni sahələrdəki güclü tərəfdaşlığı Cənubi Qafqazda normallaşma prosesinə ciddi təsir göstərir. Biz problemlərin həlli istiqamətində Türkiyə ilə daim sıx əməkdaşlıq etməliyik”.
Baş direktorun müavini vurğulayıb ki, iki ölkə arasında siyasi, iqtisadi, sosial və media sahələrində də birgə layihələr həyata keçirilir:
“Mənim çalışdığım Trend Beynəlxalq İnformasiya Agentliyi illər əvvəl Türkiyədə fəaliyyət göstərən Demirören Xəbər Agentliyi (DHA) ilə birgə media platforması yaratdı. Trend–DHA əməkdaşlığı nəticəsində dhapress.com saytı quruldu. Türkiyədəki Albayrak Holdinqlə də ortaq media platforması var. Bundan xeyli əvvəl dövlət başçılarımızın istiqamətverici tövsiyələri əsasında bu media qurumlarını yaratmışıq. Azərbaycan xəbərləri Türkiyə media platformalarında, Türkiyə xəbərləri isə Azərbaycan xəbər portallarında yayımlanır”.
“Baku Network” rəsmisi əlavə edib ki, Trend və DHA birgə çox maraqlı bir layihə hazırlayıblar:
“Müasir informasiya texnologiyalarına əsaslanan və bu gün üçün zəruri əməkdaşlıq modelini özündə birləşdirən yeni platforma yaradılıb. Ortaq media layihəsi Dhapress.com multimedia stokdur. Artıq digər dövlətləri, hətta türk dilində danışmayan ölkələri belə layihəyə daxil etmişik. Çin nüfuzlu Sinxua Agentliyi də bu layihəyə qoşulmağa razılıq verib. Həmçinin, türk ölkələrindən olan bütün həmkarlarımızı da platformaya dəvət etmişik. Burada multimedia arxivi formalaşdırılıb. Dezinformasiyanın geniş yayıldığı bir dövrdə belə bir platformanın mövcudluğu böyük önəm daşıyır. Müasir texnologiyalara əsaslanan və günümüzün tələblərinə cavab verən bu əməkdaşlıq modeli artıq beynəlxalq miqyasda yayılmaqdadır”.
Qeyd edək ki, Prof. Dr. Mehmet Yüksel Konfrans Salonunda keçirilən panelə Hacettepe Universitetinin rektoru Prof. Dr. Mehmet Cahit Güran, Azərbaycan Respublikasının Türkiyədəki Səfiri Dr. Rəşad Məmmədov, Türk Dünyası Gənclik Vəqfinin sədri Ramazan İzol, AIR Center İdarə Heyətinin üzvü Dr. Cavid Vəliyev, Hacettepe Universiteti Hüquq Fakültəsinin müəllimi Dr. Bəhadır Bumin Özarslan, Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz üzrə baş direktorunun müavini səfir Ayşe Uzer, Hacettepe Universiteti Türkiyat Araşdırmaları İnstitutunun professoru Prof. Dr. Tufan Gündüz, Azərbaycan Dövlət Televiziyası Sosial-Siyasi Proqramlar Studiyasının Tarix Şöbəsinin müdiri Mahir Qaribov, Strateji Araşdırmalar Mərkəzinin (HÜSAM) direktor müavini Dr. Özləm Pınar Oran, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) sədrinin müavini Dr. Rahman Nurdun, Trend Beynəlxalq Xəbər Agentliyinin baş direktor müavini Sahil Kerimli, AIR Center-in baş məsləhətçisi Fuad Abdullayev, həmçinin akademiklər, tələbələr və çox sayda dəvətli iştirak edib. Paneldə “Keçmişdən Günümüzə Türk Dünyası” və “Türk Dünyasında Əməkdaşlıq İmkanları” adlı iki sessiya keçirilib.
