Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın Şamaxı şəhərində yaşayış evində baş vermiş partlayış zamanı 4 nəfər xəsarət alıb.
Fövqəladə Hallar Nazirliyinin internet saytının cümə axşamı yaydığı məlumata görə, ümumi sahəsi 450 kv.m olan ikimərtəbəli 8 otaqlı evdə partlayış baş verib. Ev sahibi və daha 3 nəfər yanıq xəsarətləri alıb. Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib.
Partlayış zamanı yanğın hadisəsi olmayıb.
Partlayışdan evin 1-ci mərtəbəsindəki otaqlardan birinin qapı və pəncərə çərçivələri uçub, otağın tavanında və arakəsmə divarlarında çatlar əmələ gəlib, habelə ümumi sahəsi
150 kv.m olan mağaza kimi istifadə olunan otaqda piştaxtalar və ərzaq malları dağılıb, mağazanın qapı və pəncərələri uçub.
İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.