Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) zəlzələdən zərər çəkmiş Türkiyənin Van vilayətinə növbəti yardım göndərib.
Trend-in məlumatına görə, 40 avtomobildən ibarət yardım karvanı oktyabrın 27-si saat 03:00-da Bakıdan Türkiyəyə yola düşüb. Avtomobil karvanı İran ərazisindən keçməklə Türkiyəyə hərəkət edəcək.
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev jurnalistlərə bildirib ki, FHN Azərbaycan Prezidentinin göstərişi əsasında oktyabrın 23-də zəlzələ baş verdiyi andan Türkiyəyə yardımlar göndərməyə başlayıb. Bu gün yola salınan yardım karvanı ilə Van bölgəsinə 1000 ədəd çadır, 2 min ədəd ədyal, 40 ədəd transformator və 40 dəst mətbəx ləvazimatı yola salınıb.
Bu günədək FHN tərəfindən Türkiyəyə 250 çadır, 700 ədəd səhra yataq dəsti, 3 min ədəd ədyal, 2 min ədəd yataq dəsti və 2 səhra mətbəxi göndərilib. Eyni zamanda 213 xilasedicimiz hazırda Van bölgəsində çalışmaqdadır. Bizdə olan məlumata əsasən, bu günədək xilasedicilərimiz uçqunlar altından 10 insanı və 41 cəsədi çıxarmağa nail olub.
Oktyabrın 23-dən bu günə qədər Türkiyəyə göndərilmiş yardımların ümumi məbləği 1 mln. 700 min ABŞ dolları təşkil edir.
Azərbaycanlı xilasedicilər tərəfindən indiyədək 44 cəsəd dağıntılar altından çıxarılıb, 10 nəfər isə xilas edilib.
Van vilayətində ölənlərin sayı 481-ə çatıb, yaralananlar isə 1300-dən çoxdur.