...

Sumqayıtda valyutadəyişmə məntəqəsinin sahibini qətlə yetirənlər barəsində həbs qətimkan tədbiri seçilib

Hadisə Materials 3 Noyabr 2011 19:12 (UTC +04:00)
Baş Prokurorluq Sumqayıtda valyutadəyişmə məntəqəsinin sahibinin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.
Sumqayıtda valyutadəyişmə məntəqəsinin sahibini qətlə yetirənlər barəsində həbs qətimkan tədbiri seçilib

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq Sumqayıtda valyutadəyişmə məntəqəsinin sahibinin qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.

Respublika Prokurorluğundan cümə axşamı Trend-ə verilən məlumata görə, 19 sentyabr 2011-ci il tarixdə saat 21:30 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 11/5, mənzil 23-də yaşamış 1966-cı il təvəllüdlü Vahabov İlyas Abbas oğluna yaşadığı binanın qarşısında naməlum şəxslər tərəflndən bıçaq xəsarətləri yetirilib və o, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilsə də, aldığı xəsarətlərdən ertəsi gün xəstəxanada ölüb.

Faktla bağlı sentyabrın 20-də Sumqayıt şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycan Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin, Baş Prokurorluğun, Sumqayıt şəhər prokurorluğu və Sumqayıt şəhər Polis İdarəsinin birgə həyata keçirdikləri intensiv, təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ağır cinayətin Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Səlimbəyli Vaqif Etibar oğlu və 1993-cü il təvəllüdlü Əbilov Anar Cavanşir oğlu tərəfindən törədilməsi müəyyən olunaraq tutulublar.

İstintaqla müəyyən edilib ki, Vaqif Səlimbəyli İlyas Vahabovun işlədiyi valyutadəyişmə məntəqəsindən evinə gedərkən üstündə pul apardığını bilib, həmin pulu ələ keçirib aralarında bölüşdürmək barədə dostu Anar Əbilovla razılığa gələrək qabaqcadan əlbir olub sentyabrın 19-da saat 21:30 radələrində İlyas Vahabovun yaşadığı ünvana gələrək pusquda dayanıb onu gözləyiblər. Sonuncu dalana daxil olarkən Vaqif Səlimbəyli özü ilə gətirdiyi və silah qismində istifadə etdiyi bıçaqla Vahabova iki zərbə yetirib. Aldığı xəsarətlərdən Vahabov ertəsi gün xəstəxanada ölüb.

Vaqif Səlimbəyli və Anar Əbilov törətdikləri hərəkətlərə görə Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Xəbər lenti

Xəbər lenti