Azərbaycan, Bakı, 11 yanvar /Trend/
Tehranın şimalında minalanmış avtomobilin partlaması nəticəsində bir nəfər həlak olub, ikisi yaralanıb. Trend-in məlumatına görə, bu barədə İranın FARS agentliyi xəbər verir.
Partlayışın qurbanı Tehran Texniki Universitetinin professoru Mustafa Əhmədi Roşan olub.
Bildirilir ki, naməlum motosikletçi alimin universitet qarşısındakı meydanda dayanmış avtomobilinə maqnit bombası yapışdırıb.
Polis insidentin baş verdiyi şəraiti araşdırır.
Bu, iranlı alimlərin qətli ilə bağlı birinci hadisə deyil. Sonuncu dəfə belə hadisə 2010-cu ilin yanvarında nüvə fizikası üzrə aparıcı iranlı mütəxəssislərdən biri Məsud Əliməhəmmədinin Tehrandakı evinin yaxınlığında baş vermişdi. Partlayıcı qurğunun partlaması nəticəsində alim həlak olmuşdu. Bomba onun avtomobilinin yanında dayanmış motosiklə bərkidilmişdi və çox güman ki, məsafədən idarə olunurdu.
Versiyalardan birinə görə, Əliməhəmmədinin öldürülməsi onun Qərbdə ciddi narahatlıq doğuran İranın nüvə proqramında iştirakı ilə əlaqəli olub.